Şuşa. Trend:
Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalı dünya
xalqlarının mətbəxlərinin bolluğu və Azərbaycan yeməklərinin
unikallığı ilə heyran edir.
Bunu AzerTimes-a tanınmış qvatemalalı kulinar, beynəlxalq ekspert,
beynəlxalq dərəcəli ustad Joze Luis Eskalante deyib.
“Burada hər şey sadəcə heyrətamiz və fantastikdir! Əyləncəli
tədbirlər və teatrlaşdırılmış interaktiv tamaşalar, dünya
xalqlarından zəngin yeməklər, iştirakçıların və qonaqların
həmrəyliyi və mehribanlığı – bütün bunlar ən unudulmaz və emosional
təəssüratlar yaradır. Şuşa öz təbiəti və gözəlliyi ilə göz
qamaşdırır və bu şəhər bildiyimə görə Azərbaycanın qəlbi və
mədəniyyət paytaxtıdır, bu da öz növbəsində insanların sevincli
simalarında öz əksini tapır. Möhtəşəm kulinariya və mədəniyyət
bayramı ən parlaq rəngləri ilə yaddaşımda əbədi olaraq qalacaq”, –
deyə ekspert bildirib.
Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.
Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.