Şuşada içməli su təchizatı sisteminin yaradılması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib (FOTO)

Şuşada içməli su təchizatı sisteminin yaradılması ilə bağlı işçi
qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il
tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdində fəaliyyət
göstərən İdarələrarası Mərkəzdən AzerTimes-a verilən məlumata əsasən,
Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su
təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi
əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə
yaradılmış işçi qrupun növbəti iclası keçirilib. Şuşa şəhərində baş
tutan iclasda “Azərsu” ASC-nin və işçi qrupuna daxil olan digər
dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak
ediblər.

İclasda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli
su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər və
perspektiv layihələr barədə məlumat verilib, iqlim
dəyişikliklərininin su ehtiyatlarına təsiri ilə bağlı təqdimatlar
edilib.

Bildirilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhəri
su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti
qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su
anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində
davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni
tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı
xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə
tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ
mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması
nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə
alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında
yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir.
Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun
şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda
təzyiqli su kəmərinin inşası planlaşdırılır.

İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin
yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə
innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin
qiymətləndirilməsi məsələləri də müzakirə edilib.

İşçi qrupunun üzvləri yaradılacaq yeni su anbarının tikiləcəyi
yerə baxış keçirib, ərazinin coğrafı mövqeyi və relyefi ilə tanış
olublar.

Teqlər: