Şuşa bəyannaməsi xalqlarımızın gələcəyi üçün çox önəmlidir – Türkiyə Prezident Administrasiyası

Şuşa bəyannaməsi xalqlarımızın gələcəyi üçün çox önəmlidir, belə
ki bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr
daha fərqli bir müstəviyə çıxır.

Trend-in
məlumatına görə, bunu TurkicWorld-a açıqlamasında Türkiyə Prezident
Administrasiyasından bildiriblər.

“Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrinin dünəninin,
bugününün bütün sahələrini əhatə edərək bu əlaqələri sağlam
təməlləri üzərində gələcəyə aparan bəyannamədir”-deyə
administrasiyadan bildirilib.

Prezident Administrasiyasından onu da qeyd ediblər ki ,
bəyannamayə əsasən Azərbaycan və Türkiyə Qafqaz regionunda
sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və
nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında
münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin
edilməsi istiqamətində səylərini davam etdirəcəklər.

Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi
Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.

12 fevral 2022-ci ildə Prezident İlham Əliyev “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi
haqqında qanunu imzalayıb.

Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyibb Ərdoğan Türk
Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən
Şuşa Bəyannaməsinin qüvvəyə minməsi üçün müvafiq qərarı
imzalayıb.

Teqlər: