Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dostluğunu daha da möhkəmləndirəcək – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında”
Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunun imzalanması
çox mühüm hadisədir. Əminik ki, bu sənəd iki böyük xalqın sarsılmaz
dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, ötən il iyunun 15-də mədəniyyət beşiyi
sayılan Şuşa şəhərində imzalanan bu Bəyannamə Azərbaycanın
gələcəyə, inkişafa hədəflənmiş uğurlu strategiyasının
göstəricisidir.

“Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən
imzalanan bu sənədin tarixi çəkisini qeyd etməklə bərabər, söyləmək
istərdim ki, bu Bəyannamə ərazi bütövlüyümüzün əbədiliyi, əzəli
torpaqlarımıza qayıdışımızın qüruru, xalqımızın bundan sonra
təhlükəsiz və məsud yaşayışının təminatıdır”, – deyə deputat
bildirib.

S.Mikayılova qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə
birliyinin və qardaşlığının əbədiliyini göstərməklə yanaşı, iki
dövlət arasında əməkdaşlığın daha üst səviyyədə və çoxşaxəli həyata
keçirilməsinə imkan verir.

“Ölkələrimiz regional və beynəlxalq miqyasda sabitlik və rifah
yaratmaqla sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq
münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin,
regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli
istiqamətində birgə səylər göstərməklə bağlı niyyətlərini bəyan
ediblər. Eyni zamanda, tərəflər iki qardaş ölkənin silahlı
qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən
formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy
göstərməyə davam etmək əzmində olduqlarını bildiriblər”, – deyə
S.Mikayılova qeyd edib.

Millət vəkili vurğulayb ki, bundan əlavə, dövlətlərimiz
kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf
etdirilməsinin vacibliyini qeyd ediblər və bu sahədə birgə elmi
tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı
texniki əməkdaşlığı təşviq edəcəklər.

“Bu baxımdan bu sənədin tarixi, siyasi, regional əhəmiyyəti
miqyaslıdır, Azərbaycan və Türkiyə xalqlarının gələcək rifahı,
təhlükəsiz həyatı üçün töhfədir, təminatdır”, – deyə deputat əlavə
edib.

Teqlər: