Sürüşmələrin daha çox müşahidə olunduğu ərazilər açıqlanıb (ÖZƏL)

Mart ayında ölkəmizdə intenssiv qar və yağış yağması nəticəsində
sürüşmə zonalarında lokal aktivləşmə müşahidə edilir.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin
rəisi Əli Əliyev bildirib

Onun sözlərinə görə, sürüşmə, çökmə əsasən Lənkəran, Lerik,
Astara rayonları ərazisində müşahidə olunur.

“Həmin bölgədə intensiv yağıntılardan sonra aktiv 13-14 lokal
sürüşmə yeri meydana gəlib. Biz həmin ərazilərin davamlı
monitorinqini aparırıq. Biz tərəfimizdən həmin proseslərin zərərini
minimuma endirmək üçün müvafiq qurumlara tədbirlərin görülməsi üçün
tövsiyyələr verilib.

Bundan başqa da Qubanın Qırızdəhnə və Künətqazma kəndində
sürüşmə və çökmə xarakterli prosesin getməsi müşahidə olunur.

Aktiv zonalarda baş vermiş sürüşmələrdən sonra bərpa işləri
aparılmaqdadır. Buna misal olaraq Abşeron rayonunun Badamdar
yaylasında, Xətai rayonunun Günəşli yaylasına girən yerdəki
qəbristanlığı göstərmək olar.

Ümumiyyətlə son zamanların statistikasına baxsaq sürüşmələrin
intensivliyində səngimə prosesi var. Əvvəlki illərdəki ki, kütləvi
proseslər getmir. Bunun da əsas səbəbi qabaqlayıcı tədbirlərin
görülməsidir”, – deyə Xidmət rəisi bildirib.

Teqlər: