Sumqayıtda mədəniyyət forumu keçiriləcək

Mədəniyyət Nazirliyi yanında yaradılmış İctimai Şura ölkənin
mədəniyyət mərkəzlərinin günün tələbləri səviyyəsində fəaliyyət
göstərmələrində, ölkənin mədəni həyatının zəngin və rəngarəng
olmağında çox maraqlıdır. Bu səbəbdən də şuranın nəzdində fəaliyyət
göstərən işçi qrupları həm paytaxtda, həm regionlarda müxtəlif
tədbirlər həyata keçirməkdədir. “Ədəbiyyat və incəsənət” portalı
xəbər verir ki, növbəti belə tədbir gənclik şəhəri Sumqayıtda baş
tutacaq.

Mədəniyyət Nazirliyindən AzerTimes-a verilən məlumata görə, son
dövrlərdə Sumqayıt şəhərinin mədəni həyatında bir canlanma hiss
olunur, bu sahədə kreativlik, yeni yanaşma tərzi öz sözünü
deməkdədir. Pandemiyanın məhdudiyyətləri şəraitində yaranmış
çətinliklərə baxmayaraq mədəniyyət sahəsi inkişafdan qalmır, teatr
premyeraları, kitab yarmarkaları, rəsm sərgiləri, müxtəlif
prezentasiyalar, müsabiqələr, virtual platformalarda forum və
müzakirələr keçirilir, sosial mediada tanınmış sumqayıtlılar barədə
tanıtım çarxları çəkilib nümayiş etdirilir. Hətta bu arada şəhərdə
yeni kukla teatrı da yaranıb.

Daha nələr etmək olar ki, sumqayıtlıların, xüsusən şəhər
gənclərinin asudə vaxtları dəyərli keçsin, onların mədəni səviyyəsi
yüksək qalsın?

Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional
Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai
Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı
ilə “Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli”
mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin
nümayəndələrinin iştirakı ilə dinləmə-müzakirələr keçiriləcək.


Tədbirdə mədəniyyətin bütün sahələri – ədəbiyyat, kitabxanalar,
muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və
heykəltəraşlıq əhatə olunacaq, hər sahənin cari durumu, görüləcək
işlər, perspektiv planlar müzakirə obyekti olacaq.

Sabah bugünkündən bir addım öndə olmaq – Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin fəaliyyət prinsipini qısaca
olaraq bu postulatla ifadə etmək olar. Sumqayıt mədəniyyət forumu
da bu prinsipin daha bir təzahürüdür.

Teqlər: