“Sultan”, “Antikvar”… Hərraca çıxarılacaq Qarabağ atları

Azərbaycanda ilk dəfə olaraq “Aqroservis” Açıq Səhmdar
Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş
Kompleksində auksion vasitəsi ilə bir neçə Qarabağ atının satışa
çıxarılması planlaşdırılır.

Bunu AzerTimes-a “Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.

Onun sözlərinə görə, satışa çıxarılacaq atlar Ağcabədidə
yerləşən Qarabağ Atçılıq Kompleksində bəslənib:

“Hərraca çıxarılacaq Qarabağ atlarının sayı bu günə olan
məlumata görə dörddür. Atlar Sahil, Sultan, Zilaxar, Antikvar
adlanır. Atlar şəcərəsinə görə adlandırılıb. Hərracın keçiriləcəyi
günə qədər də satışa çıxarılacaq atların sayı arta bilər. Hərracın
keçiriləcəyi yerdə monitorlarda satışa çıxarılacaq atlar haqqında
ətraflı məlumat olacaq. Hərracda iştirak etmək istəyən istənilən
şəxs Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə yaxınlaşıb
əməkdaşlardan və orda yerləşən monitorlardan satılan atlar
barəsində məlumat ala bilər. Amma atlar Qobustanda saxlanılmayacaq.
Çünki hərraca çıxarılan atlar xüsusi yerlərdə saxlanılır.
İnsanlarda Qarabağ atlarına maraq çox böyükdür”,- deyə qurum
rəsmisi bildirib.

Qeyd edək ki, aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm
də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər.
Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta
şirkəti tərəfindən sığortalanacaq.

Teqlər: