Azerconnect MDB-də “Oracle” xidmətini öz fəaliyyətində uğurla tətbiq edən ilk telekommunikasiya şirkəti oldu

Azərbaycan Respublikasının IT xidmətləri, kommunikasiya və
yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan
Azerconnect maliyyə və insan kapitalının idarə olunması üçün Oracle
Fusion Bulud tətbiqini seçib. Beləliklə, Azerconnect MDB regionunda
Oracle xidmətini şirkətin fəaliyyətində uğurla tətbiq edən ilk
telekommunikasiya şirkəti olub.

Şirkətin Oracle Fusion xidmətlərini tətbiq etməkdə əsas məqsədi
biznes proseslərinin unifikasiyası və standartlaşdırılması, nəzarət
və uyğunluq proseslərinin təkmilləşdirilməsi, arxa ofisin
optimallaşdırılması və səmərəlilik artımının
sürətləndirilməsidir.

Azerconnect artıq Oracle Fusion Cloud Enterprise
Resource Planning – ERP (Oracle Fusion Bulud Müəssisə Resurs
Planlaması
) və Oracle Fusion
Cloud Human Capital Management – HCM (Oracle Fusion İnsan
Resurslarının İdarəolunması
) tətbiqlərindən istifadəyə
başlayıb. Yeni həllər sayəsində Azerconnect məlumatların təhlili,
dövrlərin bağlanması, hesabatların hazırlanması və açıqlanması,
yeni əməkdaşların işə qəbulu və təlimlərin keçirilməsi, onların
effektivliyinin idarəolunması, qiymətləndirilməsi, motivasiyası
kimi gündəlik və rutin əməliyyatların avtomatlaşdırılmasına nail
olacaq. Beləliklə, şirkətin əməkdaşları strateji biznes
problemlərinin həllinə daha çox vaxt ayıra biləcəkdir.

Azerconnect şirkətinin Baş direktoru Emil Məsimovun sözlərinə
əsasən, “Arxa ofis funksiyalarının transformasiyası bütün dünyada
iri telekommunikasiya şirkətləri arasında trendə çevrilib.
Azerconnect öz müştərilərinə daha rahat və müasir xidmət göstərmək
üçün biznesin rəqəmsallaşdırılmasına yönəlik proqramları davamlı
olaraq həyata keçirir. Artıq bulud həlli sayəsində xidmətlərlə
bağlı bütün mümkün yenilənmələr və dəyişikliklər daha sürətlə baş
verəcək və şirkətimiz innovasiya, yeni biliklər və kollektiv
təcrübəyə daha sürətli çıxış əldə edəcəkdir”.

“Biz Oracle Cloud ERP tətbiqinə inteqrasiya və Oracle Cloud HCM
tətbiqinin işə salınması ilə əhəmiyyətli transformasiya layihəsini
bir ildən az müddət ərzində həyata keçirdik. Nəticədə İR və maliyyə
istiqamətləri daha səmərəli fəaliyyət göstərir və əməkdaşlarımız
artıq öz bilik və təcrübələrini biznesin təhlili və inkişaf
etdirilməsinə yönəldə bilirlər. Bu yeniliklər hesabına
departamentlərimizin əməkdaşları işlərini daha asan və səmərəli
şəkildə icra etməklə yanaşı, əsas diqqəti təhlilə, maliyyə və İR
sahəsində yeni biliklər qazanmağa istiqamətləndirirlər” – deyə
Azerconnect şirkətinin Baş maliyyə direktoru Orxan Nəcəfov
bildirib.

Oracle şirkətində ECEMEA (Şərqi və Cənubi Afrika, Orta Şərq və
Afrika ölkələri) regionu Tətbiqlər üzrə vitse-prezident Waleed
Abdel Hamid qeyd edib ki, “Oracle Fusion Cloud ERP və Oracle Fusion
Cloud HCM kimi bulud xidmətlərinin tətbiqi Azerconnect şirkətinin
İT, Maliyyə, Satınalma və İR departamentlərinin işinin
səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Artıq İR və maliyyə
sistemləri daha təhlükəsiz vahid məlumat platformasına qoşulub.
Beləliklə, Azerconnect mütəmadi olaraq ən son, avtomatik yenilənmə
funksiyalarından yararlanır”.

Azerconnect haqqında:

Azerconnect şirkəti ölkəmizin davamlı inkişaf etməkdə olan İKT
və yüksək texnologiyalar sahəsində ilk B2B şirkətdir. Şirkət
müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding
beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in
tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ,
Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb
Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrini əhatə edir.

Oracle haqqında:

Oracle kompleks tətbiqlər dəsti ilə yanaşı Oracle Cloud
xidmətində təhlükəsiz və avtonom infrastruktur təklif edir. Oracle
(NYSE: ORCL) barədə əlavə məlumatı www.oracle.com saytından əldə edə
bilərsiniz.