Sudan ödənişli istifadə qaydaları açıqlanıb

Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim
dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil
olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın
müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin
genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması
ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su
ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca
əhəmiyyətli edir.

Trend xəbər
verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri
Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, bu günədək ölkəmizdə suyun təbii sərvət
kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq
etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin
aparılmasını çətinləşdirirdi.

“Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə
təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə
əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin
iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb.

Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su
istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı
münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb
edir. Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan
ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir.

Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq
etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və
yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su
götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə
ödənişlər həyata keçiriləcək”.

R.Səttarzadənin sözlərinə görə, eyni zamanda su təsərrüfatı
sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə
ödənişli olacaq.

“Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su
ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların
mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və
su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə
fəaliyyətinin təmin edilməsidir”.

Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su
təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri
nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib.

Onun sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən,
təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən,
suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı
olaraq differensiallaşdırılacaq.

“Qeyd edək ki, istifadəsi hamı üçün mümkün və açıq olan su
obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək
məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu,
mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su
götürmə və s.) istifadəsi ödənişsiz olacaq”.

R.Səttarzadə suyun həcminə görə ödənişlərin həyata keçirilməsi
mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər
Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının
(tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd
edib.

Teqlər: