Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyini dəstəkləyib

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın
Şimali Atlantika Alyansına qoşulması məsələsində Türkiyənin
mövqeyini dəstəkləyib.

Bu barədə Trend “Aanadolu” agentliyinə istinadən xəbər
verir.

“Heç bir ölkə Türkiyə qədər terrordan zərər görməyib”, – deyə
Y.Stoltenberq Ankaranı NATO-nun vacib müttəfiqi adlandırıb.

Onun sözlərinə görə, müttəfiqin narahatçılığı olanda məsələni
müzakirə edib həll etmək lazımdır. “Həmişə belə olub. Məsələn,
Yunanıstan veto hüququndan istifadə edərək Şimali Makedoniyanın
NATO-ya üzvlüyünə respublikanın adına görə mane oldu. Problemin
həllinə 10 ildən çox vaxt lazım oldu”, – deyə baş katib
bildirib.

NATO-nun baş katibi ispan jurnalistlərin kürdləri PKK
terrorçuları ilə eyniləşdirmək cəhdinə də qarşı çıxıb. “Siz
kürdlərdən danışırsız, amma etiraf edək ki, söhbət bir neçə kürd
qruplaşmasından gedir və PKK Aİ tərəfindən terror təşkilatları
siyahısına daxil edilib. Onların İsveçdə və ya Finlandiyada
olmasının fərqi yoxdur”, – deyə baş katib bildirib.

Y.Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya dəvət olunmuş
ölkələr kimi Madriddə keçiriləcək NATO sammitində iştirak edə
biləcək, lakin iyunun 28-dək Türkiyənin tələbləri yerinə
yetirilməsə, onların Alyansa üzvlüyə namizəd olma ehtimalı azdır. “Mənim məqsədim Alyansın genişlənməsini sürətləndirməkdir və bunun
üçün hələ vaxtımız var”, – deyə o bildirib.