Soydaşlarımız İsveç hökimətini Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıb (FOTO)

İsveçdə yaşayan soydaşlarımız Xocalı soyqırımının 30-cu ildönümü
ilə əlaqədar ölkə hökumətinə və Xarici işlər Nazirliyinə müraciət
ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, İsveç
Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyevin imzası ilə
ölkənin Baş naziri Maqdalena Andersona və xarici işlər naziri Ann
Lindeyə ünvanlanan müraciətdə 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun
Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı
şəhərinə hücum etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc
əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi
barədə ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, dəhşətli
qətliam zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs
ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır
yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Xalqımızın insanlığa zidd bu dəhşətli faciəni heç bir zaman
unutmayacağı, haqq səsimizi dünyaya çatdırmağa, Xocalı soyqırımının
beynəlxalq aləmdə tanıdılmasına çalışdığı, 2008-ci ildən isə bu
fəaliyyətin “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş
vüsət aldığı vurğulanıb.

Hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən
tanındığına diqqəti cəlb edən soydaşlarımız İsveç hökumətini və
parlamentini Xocalı soyqırımına hüquqi qiymət verməyə
çağırıblar.

Teqlər: