Sosial həssas vətəndaşların işlə təmini müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin 4 saylı Ərazi Məşğulluq filialının
təşkilatçılığı ilə “Sosial cəhətdən həssas vətəndaşların
məşğulluğunun təmin olunması başlıca hədəflərimizdəndir” mövzusunda
görüş keçirilib.

Görüşdə Agentliyin İdarə heyətinin sədr müavini Cəmaləddin
Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon üzrə təşkilatının
sədri Vüsar İsmayılov, Binəqədi, Yasamal, Şuşa İcra
Hakimiyyətlərinin rəhbər şəxsləri və işəgötürənlər iştirak
edib.

Cəmaləddin Quliyev Agentlik tərəfindən işəgötürənlərlə
əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran vətəndaşların məşğulluq
məsələlərinin həlli üçün həyata keçirilən tədbirlər barədə məlumat
verib və bu istiqamətdə işəgötürənlərlə sıx əməkdaşlıq
münasibətlərinin qurulmasının əhəmiyyətini qeyd edib.

Görüşdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən vətəndaşların məşğulluq imkanlarının artırılmasında
mühüm rol oynayan kvota qaydaları barədə məlumat verilib,
işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin
məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını
inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək
göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi
məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi
vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə
və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı
mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

Teqlər: