Sofiya Universitetində Müstəqillik Günü və Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib (FOTO)

2022-ci il mayın 27-də Müqəddəs Kliment Ohridski adına Sofiya
Universitetində Azərbaycan Respublikasının Bolqarıstan
Respublikasındakı səfirliyi və Sofiya Universitetində fəaliyyət
göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı
ilə Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycan
Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir
keçirilmişdir. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn
Hüseynov, Sofiya Universitetinin rəhbərliyi, professor-müəllim və
tələbə heyəti, eləcə də digər qonalar iştirak etmişlər.

İlk olaraq qonaqlar ötən 30 il ərzində iki ölkə arasında
münasibətlərdə əlamətdar hadisələri əks etdirən foto-şəkillərdən
ibarət sərgiyə baxmışlar. Tədbiri giriş sözü ilə açan səfir Hüseyn
Hüseynov Sofiya Universiteti və Universitet nəzdində fəaliyyət
göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə tədbirin təşkil
olunmasında təşəkkürünü bildirmiş və diplomatik münasibətlərin
30-cu ildönümünə həsr olunmuş sərgidə nümayiş etdirilən rəsmi foto
şəkilləri barədə məlumat verərək, onların ikitərəfli münasibətlərin
inkişafının əsas məqamlarını təcəssüm etdiyini qeyd etmişdir.

Səfir Hüseyn Hüseynov, Azərbaycan ilə Bolqarıstan arasında
əlaqələrin 30 il ilə məhdudlaşmadığını və daha dərin tarixi köklərə
malik olduğunu bildirmişdir. Hazırda iki ölkə arasında siyasi,
iqtisadi və humanitar sahələrdə fəal əlaqələrin inkişaf etdirildiyi
vurğulanmışdır.

Tədbirin açılışında Sofiya Universitetinin prorektoru, professor
Vasil Marinov qonaqlara ikitərəfli əlaqələrin tarixi haqqında
məlumat verərək, Sofiya Universitetində öyrənilən bir çox dillər
arasında Azərbaycan dilinin türkologiyada ən diqqətəlayiq dillərdən
biri olduğunu və maraqla öyrənildiyini qeyd etmişdir. O,
Universitet nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzinin mühüm rolunu qeyd edərək, onun bolqar
gənclərinin təkcə Azərbaycan dili deyil, həm də tarixi, ədəbiyyatı,
mədəniyyəti və adət-ənənələri ilə tanış olmaları üçün imkan
yaratdığını qeyd etmişdir.

Sərgidən sonra tədbir səfir Hüseyn Hüseynovun Sofiya
Universitetinin müəllim və tələbələri üçün Azərbaycan və Cənubi
Qafqaz bölgəsi ilə bağlı geniş məruzəsi ilə davam etmişdir. Sofiya
Universitetinin müəllim və tələbə heyətinin dinlədiyi məruzə zamanı
Azərbaycanın qədim zamanlardan keçdiyi yol, Qafqaz Albaniyası,
xanlıqlar dövrü, o cümlədən Qarabağ xanlığı, İslam dünyasında ilk
dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik
Cümhuriyyəti, iki Qarabağ müharibəsi, Azərbaycan-Bolqarıstan
münasibətləri barədə ətraflı məlumat verilmiş, dinləyicilərin çox
saylı suallarını cavablandırmışdır.

Teqlər: