Silahlı Qüvvələrin yeni təlim infrastrukturu istifadəyə verilib (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan
Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara
cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş
hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər
uğurla davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənov və
nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni
istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş
üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə
uyğunlaşdırılmış təlim sahələri inşa olunub.

Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və
çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş
açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin
təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.

Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim
sahələrində nümunəvi çıxışlarını izləyib.

Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin
və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.

Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub
ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan
döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların
yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq
etdirilir.

Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib. Qeyd olunub ki,
şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş
sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa,
mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının
aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl
olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.

Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı
(pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini
izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə
məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından
atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.

Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən
hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını
yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş
hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə
saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi,
həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar
müvafiq tapşırıq və tövsiyələrini verib.

Teqlər: