Seyid İbrahim Rəisi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisidən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.

əktubda deyilir:

“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə
Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan
Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında
birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə
alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki
dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə
əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri
təcrübəsini yaşamışlar.

Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr,
eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr
üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər
ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası
Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu
təsdiqləyir.

Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də
ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr
arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini
ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı
əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət
sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq,
gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu
istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan
Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə
müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və
beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu
bildirir.

İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji
potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost
ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir. Texniki,
mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala
malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad
olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində
Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə
hazırdırlar.

Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz
əziz Azərbaycan Respublikası xalqına möhkəm cansağlığı və xoş
günlər arzulayıram. Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq
bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan
Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi
ürəkdən təbriki edirəm”.

Teqlər: