Qlobal səylərin koordinasiyası minatəmizləmə sahəsində ən önəmli amillərdən biridir – ANAMA sədri

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə
beynəlxalq konfrans Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) üçün tam yeni bir format idi. Ancaq ümid edirik
ki, tərəfdaşlarımızın dəstəyi nəticəsində bu tədbiri uğurlu bir
platformaya çevirməyə nail ola bildik.

AzerTimes-ın məlumatına görə, bunu ANAMA-nın sədri Vüqar Süleymanov
Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə
beynəlxalq konfransın yükununda bildirib.

O qeyd edib ki, konfrans gedişində biz bir daha müşahidə etdik
ki, iştirakçıların Ağdama səfəri, onların mina probleminin miqyası
ilə tanış olması ümumilikdə daha dəqiq təəssüratların formalaşması,
problemin miqyasının və ciddiliyinin daha dəqiq qavranılmasında
həlledici faktorlardan biri oldu.

“Təbii ki, bilavasitə yerində aparılan müşahidələr, problemlərlə
yaxından tanışlıq bugünkü konfransın işinin, aparılan müzakirələrin
də səmərəliliyini və hədəfyönümlülüyünü xeyli artırmışdır. Bu, bir
daha onu təsdiq edir ki, qlobal minatəmizləmə səyləri mövcud
problemlərlə yaxından tanışlığı, bu istiqamətdə ciddi
məlumatlandırmanı şərtləndirir. İnanırıq ki, bu konfransın işi bu
mövzunun beynəlxalq miqyasda gündəmə gətirilməsi, onun
aktuallığının bir daha çatdırılması üçün az da olsa öz töhfəsini
vermiş oldu.

Biz həm də onu müşahidə etdik ki, müzakirələr nəticəsində irəli
sürülən təkliflər əsasən üst-üstə düşür və bütün iştirakçılar bir
çox məsələlərlə bağlı vahid mövqedən çıxış edirlər. Düşünürük ki,
bu, qlobal səylərin koordinasiyası və vahid məqsədlər ətrafında
birləşdirilməsi üçün ən önəmli amillərdən biridir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olaraq həm
Qlobal Etimad Fondunun yaradılması, həm də minatəmizləmə
fəaliyyətinin yeni Dayanıqlı İnkişaf Məqsədi perspektivindən
qiymətləndirilməsi təkliflərini alqışlayırıq və ümid edirik ki, bu
istiqamətdə müşahidə etdiyimiz vahid mövqe tezliklə öz real
nəticələrini göstərəcəkdir.

Sonda bir daha bütün iştirakçılara öz təşəkkürümüzü çatdırmaq
istərdim. Ümid edirik ki, bu səmərəli platformanın qurulması,
müzakirələr və təcrübə mübadiləsi ANAMA üçün nə qədər faydalı
olmuşdursa, digər tərəfdaşlarımız və konfrans iştirakçıları da
tədbirdən bir o qədər faydalana bilmişlər. Diqqətiniz üçün təşəkkür
edirəm”, – deyə o bildirib.

Teqlər: