Seyid İbrahim Rəisi: İran Azərbaycanla ikitərəfli, regional və beynəlxalq əməkdaşlığı dərinləşdirməyə hazırdır

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında
birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə
alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki
dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə
əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri
təcrübəsini yaşamışlar.

Trend xəbər verir ki, bu fikir İran İslam Respublikası ilə
Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümü münasibətilə İran İslam Respublikasının
Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alır.

Təbrikdə daha sonra deyilir: “Xoşbəxtlikdən ölkələrimiz arasında
siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika,
mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda
inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə
keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi
Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.

Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də
ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr
arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini
ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı
əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət
sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq,
gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu
istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan
Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə
müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və
beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu
bildirir”.

Prezident Seyid İbrahim Rəisi qeyd edir ki, texniki,
mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala
malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad
olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində
Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə
hazırdırlar.

Teqlər: