Naxçıvanda komanda-qərargah təlimi keçirilir (FOTO/VİDEO)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma
planı”na əsasən komanda-qərargah təlimi keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, komanda-qərargah təliminin ssenarisinə uyğun
olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan
Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə
qaldırılıb.

Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa
müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində
yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına,
döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə
xüsusi diqqət yetirilib.

Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin
terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların
və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim
yüksəkliklər ələ keçirilib.

Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank
əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə
şərti düşmənin zirehli texnikaları məhv edilib.
Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava
hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri
və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.
Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi
məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi
davam edir.

Teqlər: