Xəbər - Elçin Mehdiyev – Trend:
Görünən və müşahidə olunan budur ki, Ermənistanda müəyyən qüvvələr hələ də revanşist niyyətlərindən və fəaliyyətlərindən əl çəkməyiblər. Ona görə də sərhəd boyunca təxribatlar törədirlər, 10 noyabr razılaşmasının bəndlərini və şərtlərini kobud şəkildə pozurlar, öz təxribatçı, terrorçu əməllərini davam etdirirlər. Sərhəddə vəziyyəti bu qədər gərginləşdirmək erməni xalqı üçün yaxşı heç nə vəd etmir
Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, ermənilər onu da anlamırlar ki, həmin təxribatlar, rəzil hərəkətlər, provokasiyayönümlü fəaliyyətlər davam etsə, Ermənistan daha da çökəcək, özünü daha pis vəziyyətə salacaq: “Naxcıvan və Laçın ətrafında sərhəd boyunca törədilən erməni cinayətləri onu deməyə əsas verir ki, hər zaman ayıq olmalıyıq. Çünki erməni yaramazlığı və terroru heç bir hədd tanımır. Onlar üçün heç bir dəyər yoxdur və heç zaman da olmayıb. Sadəcə, erməni terrorçuları bir məqamı və reallığı unudurlar ki, qarşılarındakı qalib və güclü Azərbaycandır. O Azərbaycan ki, 44 günlük müharibədə həmin ermənilərin başına öz “dəmir yumruğunu” endirib, bütün cəbhə boyunca onları məğlubiyyətə uğradıb, diz çökdürüb, kapitulyasiya aktına imza atmağa məcbur edib.
Hazırda vəziyyət Azərbaycan tərəfinin tam nəzarətindədir. Bizim igid və qəhrəman əsgərlərimizin, sərhədçilərimizin gözündən heç nə yayına bilməz. Ermənilərin bütün terror cəhdləri öz başlarında çatlayacaq və cavabı daha ağır olacaq”.