SEPAH Elxan Şükürlünü tirajladı: harda səhv etdin?

SEPAH Elxan Şükürlünü tirajladı: harda səhv etdin?

Elxan Şükürlü bu ölkənin ən soyuqqanlı mühakimə yürütmək qabiliyyəti olan, savadlı və vətənpərvər insanlarından biridir. Onun intellekti də, savadı da, vətəni sevməsi də müzakirə predmeti deyil – hər zaman öz üzərində işləyən, kütlə psixologiyasından uzaq, proseslərə düzgün qiymət vermək və Azərbaycanın çıxarlarını doğru qiymətləndirmək üçün çalışan ziyalıdır.

Bunları ona görə qeyd edirik ki, Elxan Şükürlünün dəyərli aydın olduğunu bir daha göz önünə gətirərək, hansısa yanlış ittihamlardan çəkinək.

Buna baxmayaraq, onun Laf TV-yə müsahibəsində İran-Azərbaycan münasibətləri ilə bağlı dəyərləndirməsində gözlənilməz ifadələrdən istifadə etməsi hələ ötən gündən diqqətimi çəkmişdi. Bu gün isə bəlli oldu ki, SEPAH-a bağlı Teleqram kanalları Elxan Şükürlünün bu çıxışını böyük ölçüdə tirajlayıb, bundan öz təbliğatında maksimum istifadə etməyə girişib.

Elxan Şükürlünün çıxışı nə qədər gözlənilməz idisə, İranın bundan öz daxili təbliğatında, məxsusən azərbaycanlı kəsimə müraciətində istifadə edəcəyi bir o qədər gözlənilən idi.

1. Hətta Elxan Şükürlü bütün hesablamalarında tam-tamına həqiqəti desə belə, hazırda bizə qarşı Ermənistanın yanında mövqe tutan İranın təbliğat maraqlarına xidmət edən ifadələr işlətməməli idi.

2. İsrailin Azərbaycanın 44 günlük savaşında müstəsna dəstəyini vurğulayıb, “biz bilmirik ki, arxa planda Azərbaycan hakimiyyəti ilə hansı razılaşmalar olub; yəni ola bilər ki, İsrail qələbəmizə töhfə verməsi müqabilində bizim ərazimizdən də İrana qarşı istifadə etmək niyyətində olsun” deyib, bunun ardınca Qarabağda tikilən aeroportlara İranın etirazının “səbəblərini” axtarmaq və “İran ehtimal edir ki…” üstündə açıqlama vermək Elxan Şükürlünün yaşam tərzi və intellekti ilə üst-üstə düşmür.

Çünki:

– İsraillə Azərbaycan arasında heç bir ciddi siyasi, iqtisadi və hərbi əməkdaşlıq olmayanda, yəni 1991-96-cı illərdə də İran Ermənistanın yanında idi;

– 1992-ci ildə İsrailin Cənubi Qafqazda və Azərbaycanda ümumiyyətlə izi-tozu olmayanda İranın məşhur generalı Qasım Süleymani Qarabağdakı erməni terrorçularla görüşür, onlara təlimat verirdi;

– İsrail Azərbaycana heç bir dəstək verməyəndə, əksinə, müəyyən məqamda dolayısı ilə erməni diasporu ilə maraqları üst-üstə düşən illərdə İran Azərbaycan sərhədini pozur, Bakı yaxınlığına qədər hava sərhədimizi “su yoluna” çevirir, su sərhəd dirəyimizi çıxarıb tullayır, neft axtarışlarına mane olur, “Əsrin müqaviləsi”nin reallaşmaması üçün Rusiya ilə birgə hər şey edirdi;

– Azərbaycan 1994-cü ildən başlayaraq, Ermənistanı bütün transmilli layihələrdən kənarda qoymaq siyasəti ilə İrəvanı işğaldan geri çəkilməyə məcbur etmək istəyəndə İran Ermənistanı xilas etməyə girişmişdi;

– 1993-cü ildə Ermənistan keçmiş Dağlıq Qarabağ ərazisindən kənardakı rayonlarımızın işğalına başladığı anda Türkiyə sərhədləri bağlayıb, Ermənistanla diplomatik münasibətləri donduranda İran Ermənistanın arxasında durub, iqtisadi-hərbi əlaqələri gücləndirməklə işğalı stimullaşdırırdı…

Azərbaycan İran təhlükəsini gördüyü, Ermənistanın arxasında bütün imkanları ilə durduğunu bildiyi üçün Tehranın düşməni ilə əlaqələr qurmağa və bunu inkişaf etdirməyə məcbur oldu.

Və əlbəttə ki, İsrailə sonsuz minnətdarlığımız var: həm lobbisini Azərbaycanın ixtiyarına verdi, həm diasporu ölkəmizə dəstəyə başladı və misilsiz yardımlar göstərdi, həm də bütün dünya Azərbaycana silah satmayanda ən müasir silahlarını göndərdi…

Nəinki İsrail, hətta dünyadakı yəhudilər ayrı-ayrılıqda Azərbaycanın haqq səsinin yayılmasında müstəsna rol oynayıblar; Albertin simasında isə yəhudilər bizim həm də Milli Qəhrəman qardaşlarımızdır!

Azərbaycanın öz milli maraqlarına naminə hazırkı siyasi kursu seçməsinin başlıca səbəbi İrandır, İran siyasətidir və tehranın bakıya sonsuz, bitib-tükənməyən düşmənçiliyidir. Bu münasibətləri 2020-ci ilin 44 günlük Zəfərindən sonraya transfer etmək olduqca yanlış düşüncədir.

3. 2020-ci il 10 noyabr sazişindən sonra İranı regional güc kimi qəbul edib, yeni reallıqda söz sahibi olmağa dəvət edən də Azərbaycan oldu – “3+3” formatı, Zəngəzur dəhlizinə alternativ yolun İrandan keçməsi barədə saziş və s. səbəbi bu idi.

Azərbaycan hər zaman İrana xoş münasibətini ifadə etmək, bütün regional layihələrdə İranı başda görmək üçün çalışdığını göstərmişdi. Şimal-Cənub layihəsinə görə hələ 2017-ci ildə İrana 500 milyon dollar kredit ayırmaq təklifi də Azərbaycandan gəlmişdi.

Təsəvvür edirsinizmi? Ermənistana milyardlar tökən İrana Azərbaycan 500 milyon pul verir ki, regional layihələri birgə edək – təki Ermənistanla olma!

İran bu təkliflərin hamısından üz çevirdi, vəsaitə belə yaxın durmadı, Ermənistandan keçəcək və təxminən 10 milyard dollara başa gələcək – astarı üzündən baha olacaq – “layihəyə” üstünlük verdi;

4. “İsrail Azərbaycana yardımı qarşılığında “arxa planda” nəsə istəyibmi” sualı gündəmə gətirilirsə, “İran buna qarşı hansı addımlar atıb, Azərbaycana nə təklif edib” sualı da aktuallaşmalıdır.

İran nəinki illər ərzində Azərbaycana qarşı oldu, elə 2020-ci il savaşında da Ermənistanın yanında yer aldı, hərbi texnikalar, yardımlar, sursatlar İran üzərindən Ermənistana çatdırılırdı – hələ İranın özünün nələr çatdırdığı məsələsi ayrı söhbətin mövzusudur.

Ləyaqətli davranışı Gürcüstan göstərdi – Rusiyadan Ermənistana uçan hərbi təyinatlı təyyarələr üçün hava məkanını bağladı. İran isə hava məkanını da, quru yollarını da açdı.

5. İran ordusu müharibə zamanı Ordumuzun qarşısına çıxıb, bir sutka ləngitmə ilə ermənilərin toparlanmasının qayğısına qaldı. Müharibədə bir sutka düşmənə nəfəslik vermək bilirsinizmi nə deməkdir? Bu bir sutka neçə əsgərimizin qanı bahasına başa gəldi bizə? Nə qədər şəhid verdik bu bir sutkaya görə?

6. İran müharibə vaxtı Ermənistana logistik dəstək də göstərdi. Buna görə neçə əsgərimiz şəhid oldu?

7. İranın 2020-ci ildən sonra əsas hədəfi Zəngəzur dəhlizinin qarşısını almaqdır, ən pis halda bu dəhlizdə söz sahibi olmaqdır. Bunu ötən gün tirajlanan iranlı mütəxəssis İftixarinin məqaləsi də təsdiqləyir.

Bu artıq Azərbaycanın, Türkiyənin milli maraqlarına qarşı çıxmaqdır, Azərbaycan əsgərinin qanı-canı bahasına nail olduğunu əlindən almaq, Azərbaycanla Naxçıvan arasındakı əsas kommunikasiya xəttini nəzarətə götürmək və ölkəmiziun “ipini” ələ keçirmək cəhdidir. Hansı məntiqlə Azərbaycan buna razı olmalıdır?

8. Azərbaycanın 2020-ci ildən sonra belə İranla münasibətləri qorumaq üçün hansı fədakarlıqlar etdiyini niyə unudursunuz?

Əleyhimizə olmasına, Ermənistana dəstək verməsinə rəğmən, İranın qələbəmizdə rolundan danışdıq, Qafqazın Şeyxi ayətullahın arxasında Şuşada namaz qılıb, İranın olmayan yardımından danışdı; yəni bütün olanların üstündən xətt çəkməyə və yeni bir səhifə açmağa hazır olduğumuzu göstərdik!

İrandan isə bu xoşgörüyə aqressiv cavab aldıq: Tehran Xankəndiyə qədər əl uzatdı…

9. İran 2020-ci il savaşından sonra belə Qarabağda ermənilərə status tələb edən dövlət oldu – halbuki bu tələbi heç Rusiya açıq şəkildə dilə gətirmir.

Bu, İranla Ermənistan arasında “pərdə arxasında” hansı razılaşmadır belə? Buna niyə toxunmamalıyıq?

10. İran niyə Ermənistana raketlər, PUA-lar hədiyyə etməlidir? Doğrudanmı Zəngilan və Füzuli aeroportlarından ona qarşı istifadə ediləcəyini düşünür və bizim politoloqumuz da bu arqumentin doğru ola biləcəyinə ehyam vurur? Axı, Azərbaycan dəfələrlə İran şirkətləri üçün də Qarabağda iş şəraiti yarada biləcəyini açıqladı – baxmayaraq ki, Qarabağı 30 il müddətinə talayanların başında elə İran gəlir…

11. Doğrudanmı hesab edirsiniz ki, Azərbaycan İrana qarşı hər hansı hərbi əməliyyatda rol ala bilər, plastdarm olar? Yəni doğrudanmı bilmirsiniz ki, Azərbaycan heç bir halda İrana qarşı cəbhədə yer almaz? Doğrudanmı bilmirsiniz ki, İranın Azərbaycandan vurulması mümkünsüz bir şeydir?!

Dəfələrlə deyilib, dəfələrlə açıq mətnlə bəyan edilib: bu, mümkün deyil, Azərbaycan hakimiyyəti heç nəyin müqabilində buna getməz, gedə bilməz! Əks halda bütün xalq buna qarşı çıxar. Çünki İranda vurulan da azərbaycanlılar olacaq, İranın vurduğu da.

Azərbaycan nəinki öz ərazisindən, hətta kənardan da İranın vurulmasına qarşıdır. İran vurulsa, 40 milyon azərbaycanlının 10-ca faizi Azərbaycana üz tutsa, Azərbaycan nə günə qalar?

İranla müharibəni və ümumiyyətlə İranda müharibəni istəməyən ölkələrin başında Azərbaycan gəlir və bizim bu istəyimiz Tehran rejimindən də artıqdır – bəlkə də Tehrandakılar belə düşünmür. Bunu neçə dəfə deyib izah etməliyik?

Bəli, o ayrı məsələdir ki, Azərbaycanın quru sərhədləri olan 5 qonşusundan 3-ü ilə münasibətləri arzuladığımız səviyyədə deyil: biri işğalçıdır, ikincisi gizli düşmənçiliyini son illər açıq düşmənçiliyə keçib, üçüncüsü isə “strateji müttəfiq” rolundadır, ancaq milli maraqları Azərbaycanın maraqları ilə əsasən üst-üstə düşməyən nəhəngdir.

Əlbəttə, biz qonşularımızla münasibətləri ən yüksək səviyyəyə qaldırmaqda maraqlıyıq. Ancaq bu vəziyyətin yaranmasının baiskarı biz deyilik, axı!

Milli maraqlarımızdanmı əl çəkək? Zəngəzur dəhlizini İranın birbaşa nəzarətində olmasına razılaşaq? Yoxsa İranın xətrinə Xankəndidəki bir ovuc erməniyə “status” verək?

İnanıram ki, Elxan Şükürlünün bu açıqlamalarından sui-istifadə edilir, ola bilsin ki, fikirlərini doğru ifadə edə bilməyib.

O, peşəkardır və mütləq öz yazısı olacaq – İranın ondan sui-istifadəsinin qarşısını alacaq, ancaq əlbəttə ki, İranla Azərbaycan arasında savaş çıxarmağın əleyhinə olduğunu da göstərəcək – zatən, hamımız bunun əleyhinəyik.

Teqlər: