Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib

Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və
yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin
inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol
oynayır.

İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə
rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə
başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4
mlrd. manatdan çox investisiya yatırılıb və 10000-dən çox daimi iş
yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye
zonalarına əlavə 400 mln manatadək investisiyanın yatırılması və
2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye
zonaları üzrə indiyədək ümumilikdə 6,5 mlrd.manatdan çox məhsul
istehsal edilib, bunun 2,1 mlrd. manatı (təqribən 32 %-i) ixrac
olunub.

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində
müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən,
2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul
istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6% (681 mln.
manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji
dövrü (119,9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq
318 mln. manat təşkil edib.

2022-ci ilin I rübündə 681 mln. manatlıq məhsul istehsalı ilə
sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi
çəkisi 14,8%, qeyri-neft sənaye məhsullarının ixracında 36,3 % (318
mln. manat) olub.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox
ölkəsinə ixrac edilib.

Qeyd edək ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli
investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının
rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak
vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən,
istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il
müddətinə gömrük rüsumlarından azad olunurlar.

Teqlər: