Sənaye məhəlləsinin idarəedici təşkilatının hüquqları müəyyənləşib

Sənaye məhəlləsinin idarəedici təşkilatının vəzifələri dəyişib,
hüquqları müəyyənləşib.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Sənaye
məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə”
qərarında dəyişiklik edib.

Qərara əsasən, idarəedici təşkilat sənaye məhəlləsinin rezidenti
kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya
layihəsini qiymətləndirir, onları sənaye məhəlləsinin rezidenti
kimi qeydiyyata alır və ya qeydiyyata alınmasından imtina barədə
qərar qəbul edir, “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun
olaraq sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini
verir, yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir,
rezidentlərin reyestrini aparır və onun müntəzəm yenilənməsini
təmin edəcək.

Dövlət orqanları (qurumları) tərəfindən sənaye məhəllələrinin
rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
qanuna uyğun olaraq keçirilən yoxlamalarda onların dəvəti ilə
iştirak edir; sənaye məhəlləsinin rezidentləri arasında
mübahisələrin danışıqlar yolu ilə həllinə kömək göstərir.

Eyni zamanda, bu qərarla öz vəzifələrini yerinə yetirmək üçün
idarəedici təşkilatın hüquqları müəyyənləşir. Bunlar
aşağıdakılardır:

– sənaye məhəllələrinin rezidentlərinin hüquqlarını və qanuni
mənafelərini müdafiə etmək, onların yazılı müraciəti əsasında
dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları
qarşısında agent və təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə
yetirmək;

– mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması
xidmətlərini göstərmək;

– ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya,
treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə,
mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla
bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli
həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin
göstərilməsini müqavilə əsasında təmin etmək;

– sənaye məhəlləsində məhsul istehsalının dəyər zənciri üzrə
inkişaf etdirilməsi və ixracının dəstəklənməsi ilə bağlı
təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak
etmək;

– sənaye məhəlləsində innovativ texnologiyaların, texnika və
materialların tətbiqi, eləcə də istifadəsi ilə bağlı tədbirlər
görmək;

– Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.

Sənaye məhəlləsinin iştirakçısının qeydiyyatı da dəyişir.
İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” qanuna uyğun
olaraq qəbul edir, qeydiyyata alır və ərizəyə əlavə edilmiş
sənədlərin “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə
uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə
aradan qaldırılması mümkün olan, ərizəçinin sənaye məhəlləsinin
rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan
çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı
tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat
onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir
və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10
(on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat
müddətinin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması
barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş
çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda
idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında qərar
qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində
ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan
sonra sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması üçün
təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.
İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə edilən
sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata
alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin
sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması haqqında
qərar qəbul edir və ərizəçiyə bu Əsasnamənin 2 nömrəli əlavəsində
müəyyən olunmuş formaya uyğun sənaye məhəlləsinin rezidentinin
qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyat şəhadətnaməsinin
verilməsindən imtinaya dair əsaslandırılmış qərar qəbul edir.

Teqlər: