“Sən qayıdacaqsan” tamaşası anşlaqla keçib (FOTO)

Martın 31-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sən
qayıdacaqsan” tamaşası DTX Mədəniyyət Mərkəzində geniş tamaşaçı
auditoriyasına təqdim olunub.

Bakı Bələdiyyə Teatrının Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, 31 mart
soyqırımına, həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırımın
timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan “Sən
qayıdacaqsan” tamaşasının premyerası anşlaqla keçdi.

Qeyd edək ki, rejissor, Əməkdar artist Bəhruz Vaqifoğlunun pyesi
əsasında hazırlanan tamaşanın qəhrəmanlarının adları
ümumiləşdirilib və onların hər biri müharibənin özünü və sonrakı
fəsadlarını yaşayan insanlardır. Hər bir qəhraman hər gün eyni
vaxta qatar yoluna tələsir, eyni vaxta qatar yolunda müharibədə
itirdiklərinin yolunu gözləyir.

Əsərin sonunda qəhrəmanlar yol ayrıclarını birləşdirib bir düz
yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur. Əsərin
ideyası da məhz bunun üzərində yazılıb.

Səhnə əsərində müharibə qurbanlarının yaşantıları, müharibənin
fəsadlarını yaşayan insanların hər birinin itirdiklərinin yolunu
gözləməsi, bir sözlə, müharibənin ağrı-acısı Bakı Bələdiyyə
Teatrının aktyorlarının ifasında böyük həyəcan yaradırdı.

Tamaşada istifadə olunan bir çox dekorlar, əlbəsələr, sözlər
simvolika üzərində yazılıb. Səhnədə qurulmuş dəmir yol xətti, dəmir
yol xətlərinin dağılmış halda bir-birinə birləşməyən 4 yol ayrıcına
bənzəməsi, əsərin sonunda qəhrəmanların yol ayrıclarını birləşdirib
bir düz yol əmələ gətirməsi və bununla da onların həsrətinə son
qoyulması və s. məqamlar müharibənin törətdikləri fəsadlara
baxmayaraq insanoğlunun birlik olaraq yenidən həyatına davam etməsi
sabahlara olan inamdan xəbər verirdi.

Əsərin ideyası da məhz bunun üzərində yazılıb və qurulub. Oturub
gözləmək və istəmək azdır. Bunun üçün nələrsə etmək lazımdır.

Əsərin müəllifi və quruluşçu rejissoru Vaqif Bəhruzoğlu, ideya
müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət
işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət
işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum
sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi
Səmədovdur.

Tamaşada iştirak edirlər: Hüsniyyə Mürvətova(Əməkdar artist),
Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə
Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə
Rza, Fateh Muradov, Əzizə Həşimova.

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr
və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif
Muxtarov tərəfindən yaradılmış və yarandığı gündən bu günə kimi
saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini
Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edir. Bu illər
ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman
Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin,
Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla
səhnələşdirilmişdir.

Teqlər: