Səkkiz nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan
ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün
imtahandan xaric edilib.

Bu barədə AzerTimes-a
Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki,
onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının
şəklini çəkib və öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı
bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1
nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub
və qarşısı alınıb. Qeyd olunan bütün qayda pozuntuları
protokollaşdırılıb və hazırda araşdırma aparılır.

DİM-dən verilən məlumata görə, uzun illərin imtahan təcrübəsi
göstərir ki, əvvəlki illərin məzunları üçün keçirilən imtahanlarda
qaydalara riayət etməyən, nizam-intizamı pozmağa cəhd edən
abituriyentlərin sayı daha çox olur.

Xatırladaq ki, DİM aprelin 3-də respublikanın 18 şəhər və
rayonunda imtahanlar keçirib. İmtahanların idarə olunmasına 109
ümumi imtahan rəhbəri, 318 imtahan rəhbəri, 2498 nəzarətçi-müəllim,
240 buraxılış rejimi əməkdaşı və 109 bina nümayəndəsi ayrılıb.

Teqlər: