İyunun 1-də Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və
Mərkəzi Asiya ölkələri üzrə regional meneceri Dumitru Latiçevski
ilə görüş keçirilib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev
Azərbaycanın Qlobal Fond ilə əlaqələrə və əməkdaşlığa hər zaman
önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, 2005-ci ildən QİÇS,
vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm
əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir:
“Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda
həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.
Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da
uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.