Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın
magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanının (II
cəhd) nəticələrini elan edib.

İmtahan nəticələri ilə buradan tanış olmaq mümkündür.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə
bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil
operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan
üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727
nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 14 843
bakalavrdan 203 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını
pozduğu üçün 1 nəfərin nəticələri ləğv olunub.

İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan
99 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar
ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif
ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə
ayrıca minimal bal tələbləri də var).

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma
seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının
növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM
tərəfindən 6 iyun 2022-ci il tarixindən etibarən onlayn (“Zoom”
proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi
təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyun saat
10:00–dan 4 iyun saat 17:00–dək tarixlərində DİM-in saytında
yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə
müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.

Teqlər: