Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib (FOTO)

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda
edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə
ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Vətən Müharibəsi
Qəhrəmanı şəhid Ramiz Qasımovun və Vətən müharibəsi şəhidləri
İbrahim Əliyevin, Səid Ədilovun, Elməddin Hüseynzadənin xatirəsinə
həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin
nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş
yoldaşları iştirak ediblər.

Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar
təqdim olunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq Zəfərin tarixi
əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının
göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.

Keçirilən mərasimlərdə şəhidlərimizə həsr olunan şeirlər, Həzi
Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri
tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər
səsləndirilib.

Teqlər: