Şəhid ailələri və müharibə əlilləri dövlət qayğısı ilə tam əhatə olunur – Deputat

Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin
gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Prezident İlham Əliyev və Birinci xanım
Mehriban Əliyevanın mayın 2-də Bakının Sabunçu rayonunda şəhid
ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış
kompleksinin açılışında iştirak etmələri bunu bir daha sübut
edir.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, şəhidlər və qazilər öz canları və qanları
bahasına Azərbaycan xalqına böyük qələbə sevinci yaşadıblar:

“Şəhidlərimiz və qazilərimiz Vətən müharibəsində əfsanəvi
qəhrəmanlıqlar göstərdilər, dünya hərb tarixində yeni bir səhifə
açdılar. Onların bu şücaəti nəticəsidə 30 il işğal altında olan
torpaqlarımız azad olundu və ərazi bütövlüyümüzün bərpa edildi.
Onlar öz həyatları, sağlamlıqları bahasına xalqımıza bu qələbəni
yaşatdı və əlbəttə ki, onların bu qəhrəmanlıqları dövlətimiz və
xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinə və
qazilərə dövlət qayğısı ardıcıl və sistemli şəkildə həyata
keçirilir”, – deyə deputat bildirib.

A.Həsənova bildirib ki, Prezident İlham Əliyevin şəhid ailələri
və müharibə əlillərinə xüsusi qayğısı 2018-ci ilin aprelində dövlət
başçısı seçildikdən sonra ilk imzaladığı Fərmanın məhz şəhid
ailələri ilə bağlı olmasında bir daha özünü göstərdi.

“Cənab Prezidentin həmin Fərmanı ilə şəhid ailələri daha bir
sosial dəstək proqramı ilə əhatə olundu: 1997-ci il avqustun 2-dək
ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi
qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının – 12 min
şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə
verilməsi proqramı uğurla icra edildi.

Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla
isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri
aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş
şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın
vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq”, – deyə deputat
əlavə edib.

O vurğulayıb ki, eyni zamanda, Prezident İlham Əliyevin
tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial
dəstək proqramı ilə əhatə olundu: “Müharibə veteranı” adı verilmiş
şəxslərə Prezidentin aylıq təqaüdü təyin olundu.

“Şəhid ailələri və müharibə əlillərinə yönələn sosial
ödənişlərin ardıcıl şəkildə artırılması təmin edilib. Həmçinin
şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı
2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil,
ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib.
Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili
minik avtomobili ilə təmin edilib.

Şəhid ailələri və qazilər həmçinin reabilitasiya və
sosial-psixoloji xidmətlər ilə təmin edilir. Bütün bunlar
Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət qayğısının
bariz nümunəsidir.

Bu tədbirlər dövlətin sosial siyasətinin həssas qrupların maddi
ehtiyaclarını nəzərdə tutmaqla yanaşı, eyni zamanda böyük mənəvi
əhəmiyyət daşıyır.

Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu
göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə
dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə
olunur”, – deyə A.Həsənova əlavə edib.

Teqlər: