Səfirliyimizə hücum: Tehran heç bir məlumat vermir…

Səfirliyimizə hücum: Tehran heç bir məlumat vermir…

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı yaralanan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun vəziyyəti yaxşıdır.

AzerTimes xəbər verir ki, bunu Report-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Terror hücumu ilə bağlı istintaqın gedişinə gəlincə, nazirlik sözçüsü bildirib ki, rəsmi Tehran bununla bağlı Azərbaycan tərəfinə heç bir məlumat vermir:

“İstintaqın gedişi ilə bağlı bizdə hansısa informasiya yoxdur”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Teqlər: