Seçilən həyat yolu bir ailəni necə kriminallaşdırdı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Bəxtiyar
Şıxıyev və ailəsi haqqında bir sıra maraqlı məqamlar üzə çıxıb.

AzerTimes-ın əldə etdiyi məlumata görə, bu, bir ailənin faciəsi və
bir çox vətəndaşlarımız üçün nəticə çıxarılası hekayədir.

Tez-tez yayılan rəsmi informasiyalardan göründüyü kimi dini
düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində ölkə
hüdudlarından kənarda Birləşmiş Millətlər Təşkilatı tərəfindən
terror təşkilatı kimi tanınmış “İraq Şam İslam Dövləti” (“İŞİD”) və
digər terror təşkilatlarının tərkibinə daxil olan qanunsuz silahlı
qruplarda iştirak edən çoxsaylı vətəndaşlarımız müxtəlif vaxtlarda
cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri də Şıxıyev
Bəxtiyar Səttərxan oğludur.

Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən
1989-cu il təvəllüdlü Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə
məşğul olmağa başlamış, din pərdəsi altında insanları cinayətə sövq
edən radikal düşüncəli şəxslərin söhbətlərindən təsir dairəsinə
düşüb, 2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı
tamam olmamış Əsgərzadə Səadət Nazim qızı ilə birlikdə Suriyada
davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin
torpaqlara üz tutmuş, yetkinlik yaşına çatmayan “arvad”ı ilə qızğın
döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına
çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin
buna necə icazə verməsi hələ özü ayrı bir sualdır…

Bəxtiyar Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının
rəhbərlik etdiyi “Cundul Şam” adlı silahlı qrupun tərkibində
başqaları ilə birlikdə təlimlərdə iştirak edərək müxtəlif növ
silahlardan və döyüş sursatlarından istifadə qaydalarını
mənimsəmiş, eləcə də ona təhkim edilmiş silahla “ribat”a (təşkilat
üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Bu
hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat
söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə
kirlənməsinə zəmin yaratmışdı…

2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyəyə qayıdaraq
orada yaşamağa başladıqdan sonra, yenicə dünyaya gələn övladını və
ərini atan həmin “ana”, 2017-ci ildə Azərbaycan Respublikasına geri
qayıdaraq kriminal aləmə qoşulmuş, gənc yaşlarında kriminal
dəstənin tərkibində Bakı şəhəri ərazisində 65 yaşlı qadının evinə
soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın
edərək, əmlakını ələ keçirmək məqsədilə onun əllərini kəndirlə
bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını
köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini
törədib. Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən
2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bəxtiyar özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı
ilə birlikdə bir müddət gizlənsə də, Azərbaycan qanunlarının sərt
üzü ilə üzləşməkdən yayına bilməyib…

Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini
radikalizm və dini fanatizm uğrunda “itirmiş” tək oğul övlad
qalıb.

Teqlər: