Səbinə Əliyeva Özbəkistan Ombudsman İnstitutu tərəfindən keçirilən beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Özbəkistan Respublikası Ali
Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutunun
27 illiyinə həsr olunmuş, “İnsan hüquq və azadlıqlarının təminatı
ən yüksək dəyər və ölkədə keçirilən islahatların əhəmiyyətli meyarı
kimi” mövzusunda hibrid formatda keçirilən beynəlxalq konfransda
iştirak edib.

Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan,
Türkiyə, Rusiya, Tailand, Qazaxıstan, Tacikistan, Türkmənistan,
Macarıstan, Serbiyanın insan hüquqları üzrə müvəkkilləri və digər
səlahiyyətli qurumlarının nümayəndələri, habelə BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarlığının Mərkəzi Asiya üzrə Regional
Ofisinin rəhbəri və ATƏT-in Özbəkistandakı Layihələr üzrə
koordinatoru çıxış ediblər.

Azərbaycan Ombudsmanı konfransda əlilliyi olan şəxslərin
hüquqlarının təmin edilməsi mövzusunda məruzə ilə çıxış edib.
Ombudsman iştirakçılara əlilliyi olan şəxslərin hüquq və
azadlıqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilmiş
tədbirlər barədə geniş məlumat verib. S.Əliyeva Ombudsmanın
təklifləri də nəzərə alınmaqla, 2018-ci ildə Azərbaycan
Respublikasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni
Qanun qəbul olunduğunu və qanunvericilik aktlarında “əlil”,
“şikəst”, “fiziki qüsurlu” və digər bu kimi ifadələrin yeni
terminlərlə əvəz edilməsi ilə bağlı dəyişikliklərin edildiyini
bildirib.

S.Əliyeva fəaliyyəti dövründə Ombudsman Aparatında bu sahə ilə
məşğul olan ayrıca struktur vahidinin yaradıldığını iştirakçıların
diqqətinə çatdırıb. Çıxış zamanı bildirilib ki, Ombudsman və onun
Milli Preventiv Qrupunun üzvləri tərəfindən penitensiar, sosial
xidmət, səhiyyə, o cümlədən psixiatriya müəssisələrində əlilliyi
olan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, o cümlədən
saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarının
araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata
keçirilir.
Ombudsman COVID-19 pandemiyası dövründə əlilliyi olan şəxslərin
sağlamlıq vəziyyəti nəzərə alınmaqla hüquqlarının daha səmərəli
təmini məqsədilə səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş
çoxsaylı təklif və tövsiyələrlə bağlı məlumat verib.

Yekunda S.Əliyeva ölkəmizdə insan hüquq və azadlıqlarının təmini
sahəsində həyata keçirilən islahatların, eləcə də Ombudsmanın
fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın
təkmilləşdirilməsinin sosial cəhətdən həssas əhali qruplarının
hüquqlarının daha səmərəli müdafiəsinə töhfə verəcəyinə inamını
ifadə edib.

Konfransda digər ölkələrin bu sahədə təcrübələri barədə məlumat
verilib, fikir mübadiləsi aparılıb.

Teqlər: