“Samur” gömrük postunda müşahidə olunan sıxlığa aydınlıq gətirilib

Xəbər - Fərid Zöhrabov – Trend:

Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən
Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçən
yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Buna
səbəb isə Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsində
tikinti-quraşdırma işlərinin aparılmasıdır.

AzerTimes xəbər verir ki, bunu
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov
deyib.

“Məhz buna görə də “Samur” gömrük postunun ixrac nəzarət xətti
vasitəsilə gündəlik yük nəqliyyat vasitəsinin say etibarı ilə
keçidi 150-200-ə qədər enmişdir. Xatırladaq ki, “Samur” gömrük
postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri
üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini
təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid
məntəqəsinin infrastrukturu və aparılan təmir-tikinti işləri yük
nəqliyyat vasitələrinin keçidini artırmağa imkan vermir.
Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə
ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi
olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı
müvafiq tədbirlər görülür.


Onu da qeyd edək ki, Prezident İlham Əliyevin “Xanoba” gömrük
postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında” Sərəncamına
uyğun olaraq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq
işləri sürətlə davam etdirir. Tikinti işləri başa çatdıqdan sonra
isə şimal istiqamətində yerləşən gömrük postlarındakı sıxlıqlar
aradan qaldırılacaq.
Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət
göstərir və bir daha qeyd edirik ki, yük nəqliyyat vasitələrinin
sıxlığının aradan qaldırılması istiqamətində qarşı tərəflə mütəmadi
məsləhətləşmələr və müzakirələr aparılır”, – deyə o qeyd edib.

Teqlər: