“Şahin” hərbi-idman oyunları üzrə birincilik keçirilib (FOTO)

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Hərbi Dəniz
Qüvvələrinin “N” hərbi hissəsində və Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində “Şahin” hərbi-idman oyunları üzrə birincilik
keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, Yasamal, Qaradağ və Xətai rayon
icra hakimiyyətlərinin, bu rayonların Gənclər və İdman idarələrinin
nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət
Xidmətinin əməkdaşları, hərbi hissənin zabitləri, eləcə də “Şahin”
hərbi-idman oyunlarının hakimləri iştirak ediblər.

Çıxış edənlər birincilikdə iştirak edən komandalara uğurlar
arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının
keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin
hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq,
məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu
sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.

Rəsmi mərasimdən sonra məktəblilər hərbi orkestrin ifası altında
təntənəli marşla tribuna önündən keçiblər.

İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq,
maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər
mərhələlər üzrə tapşırıqları icra ediblər.

Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla
mükafatlandırılıb, Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman
oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.

Teqlər: