Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşüb. 4 saylı DOST mərkəzində keçirilən görüşdə 50-dək media təşkilatı və KİV rəhbəri iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, S.Babayev nazirliyin fəaliyyətində ictimaiyyətlə əlaqələrin təşkilində media ilə sıx əməkdaşlığa xüsusi önəm verildiyini bildirib. Sosial islahatlarla, əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında, sosial maarifləndirmədə medianın mühüm rolunu vurğulayıb.
O qeyd edib ki, Nazirlik hər gün media ilə sıx təmasda fəaliyyət göstərir, qurumun fəaliyyəti mütəmadi olaraq mediada əksini tapır. Hazırkı görüş də müvafiq mövzularda media orqanları rəhbərləri ilə fikir mübadiləsi aparmaq, sosial sahədə görülən işlərin nəticələri ilə bağlı məlumat vermək, onların rəy və təkliflərini dinləməkdir.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bu kimi görüşlərin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı qeyd olunub ki, vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni imzalanan Sərəncamları da bunun əyani nümunəsi olmaqla, 1 milyonadək işçinin əməkhaqqının artırılmasını təmin edir. Bu artım üçün illik 742 milyon manat əlavə vəsait ayrılıb. Bu artımlarla cənab Prezidentin 2021-ci il 16 oktyabr tarixli Sərəncamı əsasında sosial islahatların yeni mərhələsi başlanır. Yeni islahat mərhələsi 2,1 milyondan çox vətəndaşın rifahına dəstək olacaq. Bunun illik əlavə 1,5 milyard manat nəzərdə tutulub.
Ümumən son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 37%, median əməkhaqqı 74%, əməkhaqqı fondu 92% artıb. Minimum pensiyada 82%, orta aylıq pensiyada 60%, müavinət və təqaüdlərdə orta hesabla iki dəfə artım baş verib.
2018-2021-ci illərdə sosial təminat üzrə illik xərclər 60% və ya 2,4 milyard manat artaraq 6,4 milyard manata çatıb. Sosial təminatla əhatə olunanlar isə 160 min nəfər artaraq 2,56 milyon nəfərə çatıb. Qeyd edilən dövrdə 152 min şəxsə isə əlillik dərəcəsi təyin olunub, əliliyi olan şəxslərə 150 minə yaxın reabilitasiya vasitəsi verilib.
Aktiv məşğulluq proqramları dəfələrlə, o cümlədən özünüməşğulluq proqramı 15 dəfə genişlənib. DOST konsepsiyası, innovativ həllərin tətbiqi sahəsində nailiyyətlər də diqqətə çatdırılıb.
Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər sosial dəstəklə təmin olunur. Bu dəstək tədbirləri çərçivəsində 40 min şəxsə 46 min xidmət göstərilib. O cümlədən, şəhid ailələrinin üzvləri və müharibə əlilləri olan 10351 şəxsə 20644 sosial ödəniş təyin edilib. Onlar üçün sosial ödənişlərin məbləği 2021-ci ilin əvvəlindən növbəti dəfə əhəmiyyətli şəkildə artırılıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və bu il də onlara 3 min mənzil/fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 2700 mənzil təqdim edilib.
Görüşdə KİV nümayəndələrinin aparılan sosial islahatlarla bağlı rəy və təklifləri dinlənilib. Əmək və məşğulluq, sosial təminat, idarəçilik və elektronlaşma, postmüharibə dövründə dəstək tədbirləri, əlillik və reabilitasiya məsələləri və s. ilə bağlı fikir mübadiləsi aparılıb.