Sabirabad şəhəri yeni Baş plan əsasında inkişaf etdiriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə
hazırlanmış Sabirabad şəhərinin Baş planı Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli
müvafiq qərarı ilə təsdiq edilib. 2038-ci ilə qədərki dövr üçün
nəzərdə tutulan Sabirabad şəhərinin sayca dördüncü Baş planı
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən
işlənilib. Yeni sənədin hazırlanması müddətində şəhər üzrə
aparılmış çoxsaylı ərazi təhlillərinə əsaslanaraq gələcək inkişaf
prioritetləri təyin olunub.

Komitədən AzerTimes-a bildirilib ki, Baş planda hesabat müddətinin
sonuna kimi şəhər əhalisinin 53500 min nəfərə çatması ehtimal
edilir. Bunu nəzərə alaraq yeni yaşayış sahələrinə tələbatı ödəmək
məqsədi ilə çoxmərtəbəli binaların tikintisi təklif olunur,
adambaşına düşən ümumi yaşayış sahəsinin 24 m2-dən 25 m2-ə qədər
artırılması nəzərdə tutulur. Artım dinamikasına əsasən şəhərdə
ictimai-işgüzar zonanın, yeni təhsil, səhiyyə, idman, mədəniyyət və
əyləncə məkanlarının yaradılması planlaşdırılır. Həmçinin kənd
təsərrüfatı təyinatlı torpaqların azalmasının qarşısının alınması,
tarixi ərazilərin qorunması və müasir memarlıq yanaşmalarının
tətbiqi prioritet sayılır.

Baş plan layihəsində inkişaf tempinə uyğun olaraq nəqliyyat və
mühəndis-kommunikasiya təminatı sistemlərinin şaxələndirilməsi,
küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 9,65 km-dən 20,38 km-ə
çatdırılması nəzərdə tutulub.

Sənəddə iqtisadiyyatın və turizmin inkişafı, ekoloji vəziyyətin
yaxşılaşdırılması kimi məsələlərin həlli yolları da öz əksini
tapıb. Bir neçə sənaye sahəsinin birləşməsi ilə vahid yeni sənaye
ərazisinin ayrılması, istirahət zonasının qurulması, şəhər
ətrafında məişət tullantıları üçün müasir poliqonun yaradılması
təklif edilir.

Teqlər: