Bakı Samir Əli – Trend:
Həbs olunan sabiq deputat Eldəniz Səlimov barəsində olan məhkəmə
hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa
çatıb.
AzerTimes-ın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində
hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar
elan olunub.
Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin
hökmünü qüvvədə saxlayıb və şikayəti rədd edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov
3 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində
yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti
vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı
tamamlanıb.
İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus
olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət
vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir
neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda
xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi
qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək
Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun
sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla
sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə
əsaslı şübhələr müəyyən edilib.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə
səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində
cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.