Prezident İlham Əliyevin sayəsində Qarabağ xalçaçılıq sənəti öz vətəninə qayıdır – Şirin Məlikova

Xəbər - Vüqar İmanov – Trend:

Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad etməklə həm də
Qarabağ xalça sənətini öz Vətəninə qaytarır.

Bunu Trend
Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Şirin Məlikova
deyib.

O bildirib ki, məlum olduğu kimi, bu il Şuşa şəhərinin Pənahəli
xan tərəfindən əsasının qoyulmasının 270 illiyi tamam olur.
Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan
edilib. Şəhərin bərpası, burada həyatın dirçəldilməsi indi
dövlətimiz üçün prioritet vəzifədir.

“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva ölkənin xalça sənətinə və bu sahədə çalışan
insanlara böyük diqqət ayırırlar. Azərbaycanda xalçaçılıq milli
sərvətdir və UNESCO-nun qeyri-maddi mədəni irs Reprezentativ
siyahısına daxil edilib. Bu yaxınlarda Ağdam rayonunda Prezident
İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə
bir sıra mühüm obyektlərin açılışı ilə yanaşı, xalçaçılıq
müəssisəsinin də təməli qoyulub.

Əlbəttə ki, muzeyimiz işğaldan azad edilmiş ərazilərin, Şuşa
şəhərinin, onun mədəni həyatının dirçəlməsinə öz töhfəsini verməyə
hazırdır. Biz bu istiqamətdə ilk addımı ötən il Heydər Əliyev Fondu
muzeyimizin “Yenə doğma diyarda: Qarabağ incəsənət inciləri” adlı
sərgisini Şuşada təşkil edərkən atmışdıq. Qeyd etmək lazımdır ki,
1987-ci ildən muzeyimizin Şuşada filialı mövcud olub. Axı Qarabağ
təkcə Azərbaycan musiqisinin beşiyi deyil, həm də ölkəmizin digər
maddi və qeyri-maddi mədəniyyət növlərinin xəzinəsidir. İncəsənət
və sənətkarlığın bir çox növləri, xüsusən də xalçaçılıq da bu
bərəkətli bölgənin səciyyəvi cəhətidir. Qarabağ xalçaları əsrlər
boyunca bütün dünyada yüksək qiymətləndirilir, bu gün isə onlar
xarici muzey və şəxsi kolleksiyaların inciləri hesab olunur.

Əvvəllər Mehmandarovlar ailəsinin keçmiş zadəgan mülkünün
ərazisində yerləşən muzeyimizin filialında təkcə dəbdəbəli Qarabağ
xalçaları deyil, həm də milli Qarabağ geyimləri və digər
eksponatlar saxlanırdı. Təəssüf ki, Şuşada muzeyin filialının
mövcudluğu uzun sürmədi, 1992-ci ilə qədər. Qarabağ münaqişəsi
zamanı şəhərin ermənilər tərəfindən işğalından bir müddət əvvəl
filialın eksponatları muzeyin o vaxtkı rəhbərliyi tərəfindən təcili
şəkildə paytaxta köçürülüb. Demək olar ki, hər şeyi xilas edə
bildik və o vaxtdan bəri bütün bu eksponatlar muzeyimizin binasında
nümayiş etdirilir”, – deyə Şirin Məlikova bildirib.

Onun sözlərinə görə, uzun
illərdir ki, bu əsərlər vətənə qayıdışını gözləyir və ötən il
keçirilmiş, adı bu ideyanı əks etdirən sərgi onların qayıdışı
yolunda ilk addım olub. Sərgidə Qarabağın müxtəlif bölgələrindən
xalça nümunələri – xovsuz “Verni”, “Zili” xalçaları, xovlu
“Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, nadir “Zadəgan
məclisi” süjet xalçası, o cümlədən xalça məmulatları, milli
tikişlər, milli geyim dəstləri, bədii metal nümunələri təqdim
olunub.

“Mən həmin sərginin muzeyimizin Şuşaya qaytarılması
istiqamətində ilk addım olduğunu təsadüfən adlandırmadım. Yaxın
gələcəkdə bizim Şuşa filialımız bərpa olunacaq. Təbii ki, bu,
tamamilə yeni səviyyədə həyata keçiriləcək. Onun üçün saxlanılma
şəraiti və eksponatların, ilk növbədə tekstil məhsulların nümayişi
üçün bütün müasir tələblərə cavab verən bina ayrılacaq.
Ekspozisiyanın məzmunu da dəyişəcək. Onun əsasını yenə də filialın
orijinal eksponatları təşkil edəcək, lakin indi onlara əlavələr də
ediləcək. Mən hələ ki, bu barədə ətraflı danışmaq istəmirəm. Bu,
ziyarətçilərimiz üçün sürpriz olacaq. Bircə onu qeyd edim ki, son
illərdə əldə edilmiş yeni eksponatlar təkcə ekspozisiyanı
zənginləşdirməyəcək. Onlardan bəziləri mənşəyinə və tarixinə görə
Birinci Qarabağ müharibəsinin faciəvi hadisələri ilə bağlıdır.
Başqa sözlə, Qarabağ xalçaçılığının çoxəsrlik tarixinin palitrasına
müasirlik koloritləri əlavə olunacaq”, – deyə o vurğulayıb.

Muzeyin direktoru “Şuşa ili” ilə bağlı planlardan danışıb.

“Xalça Muzeyi həmişə ölkədə baş verən hadisələrə həssaslıqla
yanaşıb. Ona görə də biz “Şuşa ili”nə hərtərəfli hazırlaşırıq. Bu
il ərzində muzeydə bu mövzuda çoxlu müxtəlif maraqlı, o cümlədən
beynəlxalq tədbirlər keçiriləcək. Muzeyin əməkdaşları Şuşa
şəhərinin və ümumən Qarabağın tətbiqi sənətinə dair bütöv bir sıra
nəşrlər – yazılar və məqalələr hazırlayır. Fondlarla ekspozisiyanın
yenilənməsi ilə bağlı fəal iş aparılır. Sentyabr ayına daha bir
tədbirin keçirilməsi planlaşdırılıb. Bu, həqiqətən də möhtəşəm bir
tədbirdir ki, muzeyimiz də bilavasitə bu prosesdə iştirak edəcək.
Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərxalça” ASC ilə birgə
keçirəcəyimiz Şuşa Xalça Festivalıdır.

Noyabr ayında Şuşanın erməni işğalçılarından azad edilməsinin
növbəti ildönümündə muzeyimizdə Azərbaycanın qəlbi və ruhu olan bu
şəhərə həsr olunmuş eksklüziv müasir xalçanın təqdimatı
keçiriləcək. Bu xalça hazırda əməkdaşlarımız tərəfindən yaradılır.
Onun tərkibinin detallarını hələ açıqlamayacağam. Muzeyin ənənəvi
texnologiyalar şöbəsinin rəssamları artıq onun eskizini
hazırlayıblar və indi muzey toxucuları bu iri və mürəkkəb işi
görməyə başlayıblar”, – deyə Şirin Məlikova əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: