Sabah Ümumdünya Əməyin Mühafizəsi Günüdür

Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv
təhlükəsizlik və sağlamlıq
mədəniyyəti yaratmaq üçün
birlikdə hərəkət edək!” devizi müəyyən edilib

İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına
ictimaiyyətin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək
Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən 28 aprel – Ümumdünya
Əməyin Mühafizəsi günü elan edilib. Bu ilki Ümumdünya Əməyin
Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq
mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən
edilib.

Azərbaycanda layiqli əməyin təminatı, işçilərin təhlükəsiz və
sağlam əmək şəraiti ilə təmin edilməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə
bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar
Konvensiyalarını) və bir protokolunu ratifikasiya edib.

Milli qanunvericilikdə əməyin mühafizəsi ilə bağlı mütərəqqi
beynəlxalq yanaşmalardan irəli gələn norma və standartlar təsbit
olunub. Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi
normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün
təminatları və s. əhatə edir. Məcəlləyə əsasən, əmək müqaviləsinin
bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə
uyğun olmalı, müqavilədə işəgötürən tərəfindən işçinin sağlam,
təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyi
göstərilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də iş
yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına nail
olunmasıdır. Bu istiqamətdə işəgötürənlərlə sosial dialoq
müstəvisində işlər aparılır. İşəgötürənlərin və işçilərin iştirakı
ilə ardıcıl maarifləndirmə tədbirləri təşkil olunur. Eləcə də
vətəndaş müraciətləri obyektiv şəkildə araşdırılır, aşkar edilmiş
hüquq pozuntularının aradan qaldırılması üçün tədbirlər görülür,
əməyin mühafizəsi normalarının tətbiqində işəgötürənlərə metodiki
dəstək verilir.

Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması
işləri davam edir. Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və
təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə həmçinin,
əməyin mühafizəsi üzrə standart norma və qaydaların müəssisələrdə
tətbiqinə dəstək verəcək.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzdində 2020-ci ildə təsis
edilən Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki
Komitə isə əmək və peşə sahəsində beynəlxalq tələblərə cavab verən
milli standartların hazırlanması işlərini aparır. Artıq Komitə
tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO
45001 əsasında əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə
sisteminin tələblərini müəyyən edən milli standart hazırlanıb və
AZE İSO 45001 indeksi ilə qəbul edilib.

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində işçi
hüquqlarının təminatına ciddi nəzarət olunur. İki il əvvəl
Nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsistemi ilə İcbari
Sığorta Bürosunun bədbəxt hadisələrdən icbari sığorta üzrə elektron
informasiya sistemi arasında inteqrasiya təmin edilib və bu sahədə
qanunverciliyə əməl olunmasına elektron sistem üzərindən nəzarət
gücləndirilib.

Yaxın günlərdə istifadəyə veriləcək Nazirliyin “Əmək və
Məşğulluq” altsistemi işəgötürənlər və işə qəbul olunanlar üçün
vahid əmək münasibətləri platforması olacaq və rəqəmsal kadr
uçotunun qurulmasını təmin edəcək. Yeni e-platforma əməyin təşkili
və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin
ödənilməsində qanunvericiliyin tələblərinə riayət olunması və s.
məsələlərdə də öz dəstəyini göstərəcək.

Teqlər: