Rusiya və Azərbaycan əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planını fəal şəkildə həyata keçirir – XİN

Rusiya və Azərbaycan 2024-cü ilə qədər olan dövr üçün
əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını
fəal şəkildə həyata keçirir.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN)
iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümü ilə bağlı bəyanatında deyilir.

“Ali və yüksək səviyyədə intensiv siyasi dialoq davam etdirilir.
Mövcud müqavilə-hüquqi baza 150-dən çox dövlətlərarası və
hökumətlərarası sazişi əhatə edir. Bu, ticari-iqtisadi,
hərbi-texniki, parlamentlərarası, mədəni-humanitar və regional
əlaqələrin dayanıqlı inkişafını təmin edir”, – bəyanatda
deyilir.

Qeyd olunur ki, Rusiya Azərbaycanın aparıcı xarici ticarət
tərəfdaşlarından biridir.

“Ölkələrimiz arasında ticarət dövriyyəsi pandemiyanın
çətinliklərinə qarşı dayanıqlılıq nümayiş etdirib və 2021-ci ildə
artımını davam etdirib. Rusiya-Azərbaycan əməkdaşlığının əsas
sahələrinin inkişafı üzrə 2024-cü ilə qədər olan dövr üçün
Fəaliyyət Planı, ticarət, nəqliyyat infrastrukturu, elmyönümlü
istehsal, iqtisadiyyatın və turizmin səmərəliliyinin artırılması
innovativ inkişaf və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq
və digər sahələrdə altı yol xəritəsini özündə əks etdirir. İqtisadi
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çox səmərəli işləyir.
Hazırda investisiya əməkdaşlığına, Rusiya və Azərbaycan
şirkətlərinin iki ölkənin bazarlarında qarşılıqlı iştirakının
genişləndirilməsi üçün şəraitin yaradılmasına xüsusi diqqət
yetirilir”, – deyə məlumatda bildirilir.

Rusiya XİN vurğulayıb ki, Cənubi Qafqazda regional təhlükəsizlik
məsələlərinə xüsusi diqqət ayrılır. Nazirlikdən bildirilib ki, 10
noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək
səviyyəli üçtərəfli sazişlərin icrasına sadiqlik regionda
uzunmüddətli sülh, sabitlik və firavanlığın təmin olunması üçün
nəzərdə tutulmuş qeyd-şərtsiz amil olaraq qalır.

Bəyanatda qeyd olunur ki, Rusiya ilə Azərbaycanın diplomatik
münasibətlərinin 30 illiyini yeni keyfiyyətdə qeyd etməsi çox rəmzi
ifadə daşıyır. Rusiya XİN vurğulayıb ki, bu il fevralın 22-də
Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən Rusiya Federasiyası ilə Azərbaycan
Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə
Bəyannamə imzalanıb. Bu sənədin müddəaları gələcəyə yönəlib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: