Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlar rəsmi Moskvanın siyasətinə ziddir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya
göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada
“Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Azərbaycan
Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi
vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və
yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək
təsdiq edilib. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq
sənədlərdə də bu mövqe bir daha təsbit olunub.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun
Məmmədov bildirib ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı
məlumatlar rəsmi Moskvanın siyasətinə, bu ölkənin imzaladığı
sazişlərlə müəyyənləşmiş vəzifə və öhdəliklırinə ziddir, Rusiya ilə
normal münasibət saxlayan tək-tük ölkələri də qıcıqlamdırmaq və
küsdürmək məqsədi güdür.

“Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin normal məcrada
inkişafına çalışıb. Son addımlar bu münasibətlərə çox ciddi xələl
gətirir.

Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək
səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi və sərhədlərinin toxunulmazlığı təsbit edilib. Eyni
zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu
mövqe bir daha xüsusi vurğulanıb.

Görünür, Ukraynadakı ardıcıl və biabırçı uğursuzluqlarla əlaqəli
Rusiya MN-in rəhbərliyində oturan şəxslər başlarını tam itiriblər,
nə etdiyinin fərqində deyillər. Onların məqsədi nədir?
Münasibətləri gərginləşdirmək və pozmaq? Bir daha vurğulayıram, bu
iki ölkə arasında qarşılıqlı münasibətlərə ciddi xələl gətirən
kobud səhvdir”, – deyə C.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, görünür, Rusiya MN belə açıqlamalar
verməklə diqqəti Ukraynadakı biabırçı məğlubiyyətdən yayındırmaq,
aranı qatmaq istəyir.

“Ancaq bu, Rusiya tərəfinə heç bir uğur gətirməyəcək. Ruisya
tərəfi Azərbaycanla münasibətlərin qorunmasında maraqlı
olmalıdır.

Burada Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı
Volkovun rolu olduğu şübhəsizdir. Öz vəzifə öhdəliklərinə əməl
etməyən, Ermənilərin yaşadığı ərazilərdə biznes quran, Azərbaycana
qarşı xüsusi mənfi münasibəti olan Volkovun təqdimatı ilə
hazırlanan bu tipli məlumatlar Rusiya ilə Azərbaycan arasında
əlaqələrə xələl gətirmək məqsədi güdür. Rusiya tərəfi bu kimi
məlumatları yayarkən çox diqqətli olmalıdır. Azərbaycanın mövqeyi
prinsipial və qətiyyətlidir. Bunu bütün dövlətlər nəzərə
almalıdırlar”, – deyə deputat əlavə edib.

Teqlər: