Rusiya ilə Qərb arasında mübarizə fonunda Cənubi Qafqazın dünyadakı statusu artır – Karneqi Mərkəzinin elmi əməkdaşı

Getdikcə daha çox ölkələrin Rusiyadan yan keçməklə yük daşımaq
imkanları axtarması fonunda Cənubi Qafqazdan keçən nəqliyyat
marşrutları populyarlaşır.

Cənubi Qafqaz tarixən Asiya ölkələri üçün Avropa bazarına və
əksinə çıxış açmış ərazidir. Bu gün Cənubi Qafqazın ərazisindən
mühüm trans-Avrasiya dəhlizi – Transxəzər nəqliyyat marşrutu keçir.
Getdikcə daha çox ölkə Rusiya ilə, o cümlədən nəqliyyat sektorunda
əməkdaşlıqdan imtina etdikcə, əvvəllər Rusiya ərazisindən yük
daşıyan həm Avropa, həm də Asiya ölkələrinin hökumətləri nəqliyyat
daşımaları üçün alternativ yollar nəzərdən keçirməyə başlayıblar.
Məsələn, bu yaxınlarda Qazaxıstan və Latviya arasında danışıqların
getdiyi məlum oldu, danışıqlar zamanı, xüsusən, Rusiya ərazisində
yerləşən yüklərin Latviyanın Riqa, Ventspils və Liepaya limanlarına
yönləndirilməsi imkanları müzakirə edildi.

Bu məsələni AzerTimes-a şərh edən Karneqi Mərkəzinin elmi əməkdaşı
Temur Umarov qeyd edib ki, Rusiyanın beynəlxalq təcridinin
güclənməsi fonunda nəqliyyat şirkətləri tərəfindən Cənubi Qafqaz
vasitəsilə daşımalara tələbat artır və bundan sonra da artacaq.

“Ümumiyyətlə, biz indi nəyisə proqnozlaşdırmağın çətin olduğu
bir vaxtdayıq, lakin artıq aydındır ki, bir çox nəqliyyat
şirkətləri Rusiya ərazisinin təmin etdiyi nəqliyyat qovşaqlarını
əvəz etmək üçün başqa imkanları nəzərdən keçirirlər”, – deyə
T.Umarov bildirib.

Onun sözlərinə görə, bu ölkə ətrafında tamamilə bütün marşrutlar
cəlbedici olur, o cümlədən Cənubi Qafqaz ərazisindən keçən
marşrutlar.

“Cənubi Qafqaz vasitəsilə daşımaların digər ölkələr, o cümlədən
Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan üçün önəmi artır.
Düşünürəm ki, indi çox şey Cənubi Qafqaza yönəldiləcək”, – deyə
T.Umarov bildirib.

O qeyd edib ki, bu fonda Mərkəzi Asiyanın digər ölkələri də
Cənubi Qafqaz vasitəsilə yüklərin daşınması imkanlarını fəal
şəkildə nəzərdən keçirməyə başlayacaqlar.

“Xüsusilə, ÇXR Cənubi Qafqaza daha çox maraq göstərəcək. Deyə
bilərik ki, Cənubi Qafqazın tranzit qovşağı kimi rolu getdikcə
artır. Bu rolun nə qədər artacağını və bu marşrutun Rusiya istisna
olmaqla bütün Avrasiya üçün ən vacib tranzit marşrutuna
çevrilib-çevrilməyəcəyini bilmirik, amma digər alternativ də
görsənmir”, – deyə Temur Umarov əlavə edib.

Teqlər: