Rotterdamda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib (FOTO)

Niderlandın Rotterdam şəhərindəki “Life & Changing” İncəsənət və
Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə
əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, komitənin
dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə
baş tutan tədbirdə Azərbaycanın Niderlanddakı səfirliyinin, yerli
ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak
ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı faciəsinə
həsr olunmuş sənədli film nümayiş olunub.

Azərbaycanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri
Fikrət Axundov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti
Elsevər Məmmədov və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar
Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxış edərək, 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin
Xocalının dinc sakinlərinə qarşı törətdiyi dəhşətli soyqırımı
barədə ətraflı məlumat veriblər. Bu amansız faciəni bəşəri cinayət
kimi qiymətləndirən natiqlər nəzərə çatdırıblar ki, xalqımız dünya
dövlətlərindən Xocalı soyqırımına ədalətlə yanaşmağı, bu faciəyə
hüquqi-siyasi qiymətin verilməsini, əli dinc azərbaycanlıların
qanına batan cəlladların cinayət məsuliyyətinə cəlb olunmasını
tələb edir.

Xocalı soyqırımı haqqında filmdən və səsləndirilən məlumatlardan
təsirlənən azyaşlı tədbir iştirakçısı Sara və niderlandlı qonaqlar
öz hisslərini bölüşüblər. XX əsrdə törədilən bu cür qeyri-insanı
cinayətlərin qəbuledilməz olduğunu, ölkəmizin başına gətirilən
bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini, bir daha
müharibənin baş verməməsini, xalqımızın sülh və əmin-amanlıq
şəraitində yaşamasını arzuladıqlarını bildiriblər.


Xocalı soyqırımına dair fikir mübadiləsi aparılarkən yerli
ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.

Tədbir çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr
olunmuş rəsm və foto sərgisi nümayiş etdirilib. Sərgidə Niderlandda
yaşayan tanınmış rəssam Rasim Hüseynovun və xanımı Vəfa
Rüstəmovanın xalqımızın qarşılaşdığı müsibətləri təsvir edən
tabloları, Xocalı faciəsini əks etdirən fotoları təqdim olunub.

Sonda kamança ustası İlham Babayevin ifasında muğam
kompozisiyaları səsləndirilib.

Teqlər: