Kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına dair layihələr başa çatıb (FOTO)

İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) benefisiarları olduğu, Avropa İttifaqı
tərəfindən maliyyələşdirilmiş “Daha əlverişli KOB mühitinin
yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan
Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın
inkişafına dəstək” layihələri başa çatıb.

KOBİA-dan AzerTimes-a verilən
məlumata görə, sözügedən layihələrin məqsədi kənd yerlərində
sahibkarlığın və KOB-ların inkişafına, onların
rəqabətqabiliyyətinin artırılmasına dəstək olmaqdır. Layihələr
çərçivəsində benefisiar təşkilatların əməkdaşlarının potensialının
və bacarıqlarının gücləndirilməsi məqsədilə ümumilikdə 400 nəfərdən
çox əməkdaş üçün müxtəlif təlim, seminar və dəyirmi masalar təşkil
olunub, Türkiyə, İspaniya, Rumıniya və Yunanıstana təcrübə
səfərləri təşkil edilib. Sahibkarlığın və KOB-ların inkişafını
dəstəkləyən müxtəlif sənədlər, tövsiyələr və tədris materialları
hazırlanıb, regionlarda fəaliyyət göstərən startapların iştirakı
ilə “İdeyadan uğurlu biznesə” startap müsabiqəsi keçirilib,
KOBİA-nın KOB inkişafı mərkəzlərinin səmərəliliyinin ölçülməsi üçün
monitorinq və qiymətləndirmə sistemi yaradılıb və digər tədbirlər
həyata keçirilib.

Fevralın 22-də İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının
Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı, KOBİA-nın dəstəyi
ilə sözügedən layihələrin yekunlarına həsr olunmuş tədbir
keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, Avropa İttifaqının
Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və sahibkarlar iştirak
ediblər.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi
əməkdaşlığa, Agentliyin KOB-lara göstərdiyi xidmətlərə, müvafiq
layihələrin ölkəmizdə KOB sektorunun inkişafına dəstəyi barədə
fikirlərini bölüşüb. Qeyd olunub ki, sözügedən layihələr iqtisadi
siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə
fəaliyyətin dəstəklənməsinə yönəlib. Layihələr çərçivəsində əldə
olunmuş nəticələr KOBİA-nın və digər benefisiar qurumların
fəaliyyətinə müsbət təsir göstərəcəkdir.


Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizlə
qurum arasında müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq, biznes
mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində həyata
keçirilən layihələr barədə danışıb, bu sahədə əməkdaşlığın
genişləndirilməsinin önəmini qeyd edib. Bildirilib ki, hazırda
KOB-larla bağlı əmədaşlıq rəqəmsallaşma və “yaşıl iqtisadiyyat”
sahələrini əhatə edir və bu istiqamətdə Avropa İttifaqı öz
təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Layihələrin icraçı konsorsiumları adından çıxış edən “Ekvita”
şirkətinin rəhbəri İlqar Mehti və “European Profiles” şirkətinin
prezidenti Dimitrios Bakolas, eləcə də layihələrə dair
təqdimatlarla çıxış edən Con Toner və Alberto Qomez layihələr
çərçivəsində görülmüş işlər barədə məlumat veriblər.

Sözügedən layihələrin tərəfdaşlarından olmuş Azərbaycanda Qadın
Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva,
layihə çərçivəsində keçirilmiş “İdeyadan uğurlu biznesə” startap
müsabiqəsinin qalibi və və UNEC-in nümayəndəsi layihələrin yerlərdə
qadın sahibkarlığının inkişafına, regionlarda gənclərin startap
layihələrinin dəstəklənməsinə və sahibkarlıq fəaliyyətinə maraq
göstərən gənclərin biznes biliklərinin artırılmasına verdiyi töhfə
barədə fikirlərini bölüşüblər.