Romada 28 May – Müstəqillik Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib (FOTO)

Roma şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycanla İtaliya
arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi
münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-ə bildirilib ki,
Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və Azərbaycan
icmasının iştirakı ilə baş tutan tədbirə İtaliya Respublikası
Senatının sədri Maria Elisabetta Alberti Kasellati, Deputatlar
Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri
Ettore Rosato, bərabər imkanlar və ailə məsələləri üzrə nazir Elena
Bonetti, senator və deputatlar, komissiya sədrləri, Avropa
Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət
qurumlarının, diplomatik korpusun, işgüzar, mədəniyyət, akademik
çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri
qatılıblar.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Deputatlar
Palatasının sədr müavini Ettore Rosato çıxış ediblər. Müstəqillik
Gününün Azərbaycan tarixindəki əhəmiyyəti, 104 il öncə 1918-ci ilin
28 May tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda
demokratik və dünyəvi dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin
yarandığı, 1991-ci ilin payızında bərpa edilmiş dövlət
müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində
müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər
Əliyevin misilsiz xidmətləri, Prezident İlham Əliyevin strateji
xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyi və ölkəmizi
regionun lider dövlətinə çevirdiyi, 2020-ci ildə Vətən müharibəsi
nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu və
bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin
açıldığı qonaqların nəzərinə çatdırılıb.

Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin
qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji
tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi, son illərdə
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın
Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya, İtaliya
Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin
Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edilib.
Prezident İlham Əliyevin Bakıda İtaliya-Azərbaycan Universitetinin
yaradılması təşəbbüsünü gələcək əməkdaşlığın əsas sütunlarından
biri kimi xarakterizə edən Ettore Rosato 2020-ci ilin dekabrında
müharibədən dərhal sonra Qərb ölkələrindən ilk olaraq İtaliya
parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi
səfərin təəssüratlarını bölüşüb. “Azərbaycan bölgədə sülhün təmin
olunmasında liderliyə malikdir və İtaliyanın strateji
müttəfiqidir”, – deyə Deputatlar Palatasının sədr müavini
bildirib.

Tədbir ailə həyatı qurmuş azərbaycanlı bəstəkar-pianoçu Kəmalə
Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun
ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib.
Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də
musiqiçilərin özlərinin bəstələdiyi əsərlərin, “Sarı gəlin”, “Ay
Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ”
kimi mahnıların ifa edilməsi auditoriyanın alqışları ilə
qarşılanıb.

Teqlər: