“Cəbrayıl” enerji qovşağı Azərbaycanın enerji xətlərini Naxçıvana və Türkiyəyə birləşdirəcək – “AzərEnerji” (FOTO)

“Cəbrayıl” enerji qovşağı Azərbaycanın enerji xətlərini
Naxçıvana və Türkiyəyə birləşdirəcək.

Bunu AzerTimes
özəl açıqlamasında “AzərEnerji” ASC-nin ictimaiyyətlə əlaqələr
mərkəzinin rəisi Teymur Abdullayev deyib.

“Bildiyiniz kimi bir neçə gün öncə cənab Prezidentin iştirakı
ilə “Cəbrayıl” enerji qovşağının təməli qoyuldu. Bu layihə işğaldan
azad olunmuş ərazilərdən əlavə ölkəmiz üçün də çox önəmli bir
layihədir, çünki bu beynəlxalq enerji layihəsidir. Bu layihənin
gerçəkləşdirilməsi üçün ilk növbədə “Ağcabədi” və “İmişli”
yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq.
“Ağcabədi” yarımstansiyasından 132, “İmişli” yarımstansiyasından
isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330
kilovoltluq ötürmə xətti çəkiləcək və bu ərazidə 330 kilovoltluq
qovşaq yarımstansiyası tikiləcək”, – deyə T.Abdullayev
bildirib.

Onun sözlərinə görə, bu yarımstansiyanın tikilməsinin müxtəlif
önəmli tərəfləri var, bunlardan biri də ondan ibarətdir ki,
yaxınlıqdakı “Xudafərin” və “Qız Qalası” Su Elektrik
stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik
Stansiyasının enerjisistemə inteqrasiyası məhz “Cəbrayıl” qovşaq
yarımstansiyası vasitəsilə həyata keçiriləcək.

“Sonrakı mərhələdə “Cəbrayıl” qovşaq yarımstansiyasından
Naxçıvana 330 kilovoltluq xət çəkiləcək bu da çox böyük hadisədir,
bilirsiniz ki, illərdir Naxçıvan Azərbaycanın ümumi enerji
sistemindən ayrıdır. Naxçıvanın Azərbaycanın ümumi enerji sisteminə
qoşulması təmin ediləcək. Naxçıvanda bunun üçün 330 kV-luq
yarımstansiya tikiləcək. Daha sonra Naxçıvanın Türkiyəyə yaxın
ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə çevirici
yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə elektrik
verilişi xətti çəkiləcək. Bütün bunlardan sonra isə istər işğaldan
azad olunmuş ərazilərə, istərsə də digər ərazilərə Azərbaycan
enerjisi ötürüləcək. Azərbaycan enerjisi Naxçıvana, Türkiyəyə və
Avropaya ötürülü biləcək”, – deyə T.Abdullayev bildirib.

Teqlər: