Regionun rifahı Azərbaycan və Türkiyə üçün prioritet məsələlərdən biridir – Türkiyə PA

Regionun rifahı Azərbaycan və Türkiyə üçün prioritet
məsələlərdən biridir.

Bunu AzerTimes-a
Türkiyə Prezidenti Administrasiyasından (PA) bildiriblər.

“Vətən müharibəsində əldə edilən zəfərdən sonra Azərbaycan
bölgədə yeni reallıq yaratdı və hər kəs bu reallığı qəbul edir”, –
məlumatda deyilib.

Qeyd olunub ki, zəfərdən sonra Prezident İlham Əliyevin
liderliyində Azərbaycan dünyaya bir daha sübut etdi ki, regionun
inkişafına önəm verir.

“İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri bir
daha göstərir ki, Azərbaycan qurucu dövlətdir, bölgənin rifahı,
inkişafı və xalqların sülh şəraitində yaşamasını istəyir. Prezident
İlham Əliyev bunu sözü və əməli ilə təsdiq edib”, – deyə Türkiyə
PA-dan bildirilib.

Administrasiyadan o da vurğulanıb ki, bundan əvvəl olduğu kimi,
Türkiyə ilə Azərbaycan bütün məsələlərdə bir-birinə dəstək
verəcək.

“Azərbaycan-Türkiyə münasibətləri regionun stabilliyinin
qarantıdır və bundan sonra daha da inkişaf edəcək. Bu münasibətlər
hər hansı bir dövlətə qarşı deyil. Azərbaycan Türkiyənin ən güvənli
müttəfiqi olmaqla yanaşı, eyni zamanda, qardaş dövlətdir”,
-məlumatda deyilir.

Teqlər: