Rəfael Cəbrayılovun qardaşı məsuliyyətə cəlb olunmalıdır – Vəkil

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq
deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
keçirilən prosesdə elan olunub ki, barələrində məcburi gətirilmə
qərarı verilmiş Təranə Fətəliyeva və Vidadi Məmmədov məhkəməyə
gəlməyiblər.

Zərərçəkmiş şəxslərin müdafiəçisi vəkil Kamandar Nəsibov deyib
ki, bu gün məhkəmədən yayınan Təranə Fətəliyeva cinayət işi üzrə
əsas şahidlərdən biri olmaqla yanaşı, mərhum şəxsin qardaşı Elşən
Cəbrayılovun da əməllərindən xəbərdardır.

“Zərərçəkmiş şəxslərin bir neçəsini də Rafael Cəbrayılovla
əlaqələndirən Tərəna olub”, -vəkil deyib.

Hakim bildirib ki, məcburi gətirilmə qərarının icra olunmaması
ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) yenidən müraciət
edəcək.

Kamandar Nəsibov deyib ki, iki gün əvvəl dələduzluqda
təqsirləndirilərək barəsində cinayət işi başlayan Rəfael
Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun bu işlə də bilavasitə
əlaqəsi var. Müdafiəçi Elşən Cəbrayılovun cinayət işi ilə bağlı
olması barədə məhkəməyə sənədlər təqdim edib: “Bu günlərdə məlum
oldu ki, Elşən barəsində başqa bir rayonda cinayət işi açıblar.
Buradan da aydın olur ki, o, əvvəldən dələduzluqla məşğul imiş. Bu
cinayət işində də onun əli var. Elşən burada ifadə verəndə deyirdi
ki, mən Allah adamıyam, namaz qılıram. Amma sübut olundu ki,
dələduzluqla məşğul imiş. Hesab edirəm, hazırkı iş yenidən
istintaqa qaytarılmalı və Elşən Cəbrayılov da işə cəlb
olunmalıdır.”

Hakim hazırda Elşən Cəbrayılovun deyil, Rafael Cəbrayılovun
işinə baxıldığını deyib.

Növbəti proses aprelin 28-nə təyin olunub.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən
şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri
sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə
yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs
özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə
məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta
yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü
ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən
şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici
əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda
təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin
III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael
Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli
Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə
mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə
çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər
məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2
milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə
ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar
nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən
edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə-
ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və
cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da
R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat
edib.

Teqlər: