Rəfael Cəbrayılovun cinayət işi üzrə zərərçəkmişlərlə bağlı DİN-ə müraciət edildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq
deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
keçirilən prosesdə bildirilib ki, cinayət işi üzrə zərərçəkmiş
qismində tanınmış Təranə Fətəliyeva və Vidadi Məmmədova dəfələrlə
çağırış göndərilsə də məhkəməyə gəlmirlər.

Prosesdə vəkil Kamandar Nəsibov zərərçəkmişlərin bu addımının
məhkəmə tərkibinə hörmətsizlik olduğunu deyib. O bildirib ki,
zərərçəkmişlər məhkəmə prosesini səbəbsiz uzadır.

Məhkəmə barələrində məcburi gətirilmə qərarı olan hər iki şəxsin
məhkəmə iclaslarında iştiraklarının təmin olunması ilə bağlı Daxili
İşlər Nazirliyinə müraciət göndərilməsi ilə bağlı qərar qəbul
edib.

Proses martın 31-də davam etdiriləcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən
şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri
sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə
yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs
özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə
məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta
yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü
ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən
şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici
əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda
təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin
III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael
Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli
Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə
mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə
çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər
məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2
milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə
ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar
nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən
edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə-
ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və
cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da
R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat
edib.

Teqlər: