Ramazan süfrələrinin əsas neməti olan xurmanın faydaları

Ramazan süfrələrinin başlıca nemətlərindən olan xurma qan
şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin
artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında
müstəsna əhəmiyyətə malikdir. Buna səbəb xurmanın yüksək qidalılıq
dəyəridir və bir ədəd quru xurma 20-28 kalori daşıyır. Bu
dəyişiklik meyvənin növündən asılı olaraq dəyişir. Tərkibində A, K
və B qrup vitaminləri, natrium, kalium, kalsium, dəmir, mis,
maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda
antioksidantlar mövcuddur. Antioksidantlarla zəngin olması
hüceyrələrin yenilənməsini, bədənin zərərli bakteriya və
mikroblardan təmizlənməsini təmin edir. Xurmanın tərkibində dəmir
mineralının miqdarının çoxluğu sayəsində qanda hemoqlobinin sintezi
artır və bu da qanazlığının qarşısının alınmasına effektiv təsir
göstərir. Tərkibindəki zəngin kalium mineralının mövcudluğu isə qan
təzyiqinə qarşı faydalıdır.

AQTA-dan Trend-ə verilən məlumata görə, xurma meyvə
şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir.
Bu zənginlik nəticəsində toxluq hissi yadan xurma uzun müddət
aclığa qarşı orqanizmin müqavimətini artırır. Norma daxilində
istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki
zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır,
həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsi,
göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır.
Daşıdığı faydalı xüsusiyyətinə görə xurma hamilə və süd verən
qadınlara, eyni zamanda uşaqlara da xüsusilə tövsiyə olunur.
Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər isə həkim
tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.

Meyvənin yalnız Ramazan ayında deyil, mütəmadi və norma
daxilində istehlakı tövsiyə edilir. Xurma seçərkən ilk olaraq onun
xarici görünüşünə diqqət edilməlidir. Xurma bütöv olmalı,
ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Məhsulun keyfiyyət və
təhlükəsizliyinə onun saxlanma şəraiti və temperaturu bilavasitə
təsir edir. Xurmanın satışı zamanı mövcud ticarət qaydaları,
gigiyenik norma və tələblərə ciddi riayət olunmalıdır. Açıq şəkildə
satılan məhsula toz və kənar hissəcik, hətta mikroorqanizmlər
asanlıqla nüfuz edə bilir. Qablaşdırılmış məhsul alarkən isə etiket
məlumatları diqqətlə nəzərdən keçirilməlidir. Bəzən xurmanın
hazırlanmasında süni şəkər olan qlükoza və dadlandırmaq üçün bir
sıra süni dadlandırıcılardan istifadə hallarına yol verilir ki,
belə məhsulun alınması tövsiyə olunmur. Qlükozanın xurmada istifadə
edilməsinin bir çox səbəbi var. Belə ki, məhsulun şirinliyi və
dadını artırmaq, istehlakçını cəlb etmək məqsədilə parıltı vermək,
köhnə xurmanı daha keyfiyyətli göstərmək üçün istifadə edilir.
Hazırlanmasında qlükoza istifadə edilmiş xurma daha parlaq görünür,
şirəliliyi və yapışqanlığı normadan artıq olur. Uyğun şərait
yaradıldıqda xurma xarab olmadan uzun müddət saxlanıla bilər.
Məhsul isti və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə
saxlanmalıdır. Buna görə də soyuducuda 0-10° C-də hava keçirməyən,
qapaqlı qablarda saxlamaq ən ideal üsuldur. Soyuq temperaturda
zaman-zaman sərtləşə bilən xurmanın yumşalması üçün istehlakından
10-20 dəqiqə əvvəl soyuducudan çıxarılması kifayətdir. İstehlakdan
əvvəl isə xurmanın mütləq yaxşı yuyulması tövsiyə olunur.

Teqlər: