Quran qiraəti yarışı keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ənənəvi olaraq hər il
təşkil olunan “Quran qiraəti” müsabiqəsi keçirilib.

Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin tələbələri iştirak
ediblər. İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə
doktoru Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini,
fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Dillər və ictimai
fənlər kafedrasının müəllimi Ənvər Mustafayev münsiflər heyətində
təmsil olunublar.

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə
fəlsəfə doktoru Mirniyaz Mürsəlov müsabiqənin əhəmiyyətini
vurğulayaraq, Qurani-Kərimi gözəl oxumaqla yanaşı, həm də mənasını
anlamağın vacibliyini bildirib. M.Mürsəlov ali təhsil müəssisəsində
mütəmadi olaraq istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması
istiqamətində müxtəlif müsabiqələrin davamlı olaraq həyata
keçiriləcəyini nəzərə çatdırıb. Belə müsabiqələrin tələbələrə
təcrübə qazandırdığını, inkişafına imkan verdiyini bildirib.

Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər
münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib.
Beləliklə, “Quran qiraəti” müsabiqəsində III kurs tələbəsi Murad
Kərəmov 1-ci yerə, III kurs tələbəsi Əmrah Eminov 2-ci yerə, III
kurs tələbəsi Azanə Əhmədova 3-cü yerə layiq görülüblər.

Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara
təşəkkürnamələr təqdim edilib.

Teqlər: